Martın 13-də Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının foyesində tanınmış rəssam Adil Əsədlinin fərdi yaradıcılıq sərgisi açılıb. SİA-nın Cənub bürosunun məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin, respublika Rəssamlar İttifaqının və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən sərgi rəssamın anadan olmasının 60 illiyinə yubiley töhfəsi olub. Rayon ictimaiyyəti nümayəndələrinin, mədəniyyət və təhsil işçilərinin iştirak etdikləri sərgidə Adil Əsədlinin 50-dən çox rəngkarlıq və qrafika əsəri nümayiş etdirilib.
Sərginin açılış mərasimində Lənkəran Şəhər İcra Hakimiyyəti aparatının məsul işçisi Tahir Zülfüqarov, Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin məsul katibi, şair İltifat Saleh, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru Ziyadxan Əliyev, xalq rəssamı Arif Hüseynov, Lənkəran Dövlət Dram Teatrının aktyorlarından Miraslan Ağayev və Allahverən Babayev çıxış edərək Adil Əsədlinin çoxşaxəli yaradıcılıq yolundan söz açıblar.
Qeyd edək ki, 1980 ci ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1986-cı ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin bədii qrafika fakültəsini bitirən A.Əsədli həmin ildən Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbinin direktoru vəzifəsində çalışır, otuz ilə yaxın müddətdə rəssamın Bakıda və Lənkəranda 4 fərdi sərgisi təşkil olunub, əsərləri müxtəlif beynəlxalq miqyaslı sərgilərdə nümayiş etdirilib. Yetirmələri dəfələrlə Misir, Çexiya, Yaponiya, Polşa, Özbəkistan, Türkiyə və digər ölkələrdə keçirilən müsabiqə və sərgilərdə iştirak edərək, diplom, medal və fəxri fərmanlara layiq görülüblər.
Açılış mərasimindən sonra tədbir iştirakçıları sərgidə nümayiş etdirilən əsərlərlə tanış olublar.
Əlavə edək ki, sərgi 3 gün davam edəcək.
Sərraf Mirsəfəroğlu





.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB