Azərbaycanın turizm sahəsinin inkişafı və ölkəmizdə işgüzar turizmin təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu cari il üçün nəzərdə tutulan təlimlərdən ilkini təşkil edib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılan Büro 2015-ci il Təlimlər Planına əsasən Büronun üzvlüyündə olan mehmanxana, turizm agentlikləri və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər üçün nəzərdə tutulan ilk təlimini təşkil edib.
Assosiasiya Görüşlərinin uğurlu təşkili üzrə keçirilən təlimi xüsusi dəvət edilmiş ekspert Valentini Amarantidouaparıb və təlimdə 30-dan artıq nəfər iştirak edib.
Təlimin əsas mövzusu Assosiasiya Görüşlərinin mahiyyətini və bu görüşlərin təşkili üçün vacib şərtləri öyrənmək və belə görüşlərin ölkəmizdə keçirilməsini təmin etmək üçün hansı addımların atılmalı olduğunu aydınlaşdırmaq olub.
Daha sonra təlim iştirakçıları təkliflərin hazırlanması, təklifin təqdim olunması prosesi və idarəsi barədə məlumatlandırılıblar. Həqiqi nümunələrə əsaslanan təcrübələr haqqında məlumat da təlim zamanı öz əksini tapıb. Tədbirin sonunda iştirakçılar arasında müzakirələrə yer verilib.
Sonda təlim iştirakçıları xanım Amarantidouya və eləcə də Azərbaycan Konqreslər Bürosuna öz minnətdarlıqlarını bildiriblər.
Növbəti təlim isə məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlərin peşəkarlığının artırılması üzrə aprel ayının 7-də digər xarici ekspertlərin iştirakı ilə təşkil olunacaq. Bu növ təlimlər şirkət üzvlərinin peşəkarlığını və biliyini artırmaq üçün çox faydalıdır.
2013-cü ilin sonlarından fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirləri cəlb etmək və ölkəni beynəlxalq səviyyəli təyinat məkanı kimi təbliğ etmək daxildir.
Bu məqsəd ilə, Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqələr qurur, bazar iştirakçılarını ölkəyə cəlb etməyə çalışır və bütün maraqlı Görüşlər Sənayesi iştirakçıları ilə əməkdaşlıq etmək üçün beynəlxalq konqres və seminarlarda iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB