Tacikistan Kinosu Günləri davam edir

Mart ayının 9-dan 14-dək Azərbaycanda Tacikistan Kinosu Günləri keçirilir. SİA-nın verdiyi məlumata görə, "Tacikfilm" kinostudiyasının direktoru, kinorejissor Nosir Saidov, kino tənqidçisi, fəlsəfə elmlər doktoru Sadullo Rahimov, Tacikistanın Xalq Artisti Sayram İsayeva və aktyor Abdülkərim Maşrabovdan ibarət tacik nümayəndə heyəti Kino Günlərinin Proqramına uyğun olaraq bu gün Xaçmaz rayonuna səfər edib.
Səfər zamanı qonaqları rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev qəbul etmiş və onlara rayonun sosiyal-iqtisadi sahəsinin, o cümlədən mədəniyyət və turizm infrastrukturunun inkişafı haqqında məlumat verib.
Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzində rayon sakinləri ilə görüşmüş və Nosir Saidovun "Müəllim" bədii filmi xaçmazlı tamaşaçılara təqdim edilib.
Səfər çərçivəsində Tacikistanlı kino xadimləri Xaçmaz rayonundakı Dövlət Rəsm Qalereyası, Tarix-Diyarşünaslıq Muzeyi, Mədəniyyət və Turizm Şöbəsinin yeni binası və Nabran bölgəsində yeni turizm obyektləri ilə tanış olublar.
Qeyd edək ki, martın 13-də saat 17:00-da Nizami Kino Mərkəzində Tacikistan Kinosu Günlərinin yekunu ilə bağlı Mətbuat konfransı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə