Bakıda beynəlxalq simpozium keçirilir FOTOLAR

Bakıda beynəlxalq simpozium keçirilir FOTOLAR

Bu gün Azərbaycan Bəstəkarlar İttifaqında "Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalı çərçivəsində YUNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (İCTM) iştirakı ilə beynəlxalq simpozium işə başlayıb. SİA-nın verdiyi məlumata görə, "Muğam/Maqam və müasir musiqi yaradıcılığı" mövzusunda simpoziumun açılışında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev IV Beynəlxalq Muğam Festivalının Azərbaycanın mədəni həyatında önəmli hadisə olduğunu vurğuladı. Qeyd olundu ki, muğam xalqımızın milli mədəni zənginliyini gələcəyə aparan simvollardan biridir. Eyni zamanda muğam sənəti Azərbaycan ilə dünya xalqlarının mədəniyyəti arasında mənəvi körpüdür. Azərbaycan muğamı 2003-cü ildə YUNESCO tərəfindən bəşəriyyətin şifahi və qeyri-maddi şah əsərləri siyahısına daxil edilib. Muğam sənətinin müxtəlif mədəniyyətlər arasında dialoq musiqisi kimi təbliğində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz rolu var. Məhz onun fəaliyyətinin nəticəsi olaraq artıq dördüncü dəfədir ki, ölkəmiz "Muğam aləmi" beynəlxalq festivalına ev sahibliyi edir. Bu tədbir dünya miqyasında muğam ifaçılarının, elm adamlarının, ekspertlərin şəbəkəsini formalaşdıra bilib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə milli musiqimizin təbliğində belə tədbirlərin mühüm rolunu diqqətə çatdırdı. Bildirdi ki, möhtəşəm musiqi bayramı paytaxt Bakı ilə yanaşı, Azərbaycanın bölgələrini də əhatə edir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə xalqımızın musiqiyə, xüsusilə muğama olan sevgisindən söz açdı. Qeyd etdi ki, 2013-cü ildə keçirilən festivaldan sonra Azərbaycan muğamı fenomenini daha dərindən və hərtərəfli araşdırmaq üçün AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda muğamşünaslıq şöbəsinin yaradılması qərara alınıb. Şöbənin hazırladığı "Azərbaycan muğamşünaslığı: problemlər və perspektivlər" toplusu muğam sənətinə elmi töhfədir.

Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə beynəlxalq muğam festivalının Azərbaycan xalqına məxsus qədim və zəngin irsin daha geniş şəkildə tanınmasına xidmət etdiyini vurğuladı.

YUNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının baş katibi, Lyublyana Universitetinin professoru Svanibor Pettan tədbirin böyük əhəmiyyət daşıdığını qeyd etdi, simpoziunun işinə uğurlar arzuladı.

Günün ikinci yarısında "Muğam/Maqam və müasir musiqi yaradıcılığı" mövzusunda beynəlxalq simpozium bölmə iclasları ilə işini davam etdirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə