GƏM Elçin İsgəndərzadə ilə görüşüb

GƏM Elçin İsgəndərzadə ilə görüşüb

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Gənc Ədiblər Məktəbi dinləyicilərinin "Vektor" Beynəlxalq Elm Mərkəzinin rəhbəri, şair, nasir, tərcüməçi Elçin İsgəndərzadə ilə görüşü keçirilib. Yazıçılar Birliyindən SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Gənc Ədiblər Məktəbinin katibi Emin Piri qonaqları salamladıqdan sonra GƏM-nin fəaliyyəti, Elçin İsgəndərzadənin yaradıcılığı haqqında iştirakçılara məlumat verib.

"Vektor" Beynəlxalq Elm Mərkəzinin rəhbəri, şair, professor Elçin İsgəndərzadə çıxışında öz həyat və yaradıcılıq yolundan bəhs edib, gənclərə mütaliə ilə ardıcıl məşğul olmağı, həmçinin incəsənətin bütün sahələri – səs, söz, rəng ilə maraqlanmağı tövsiyə edib. Elmi nailiyyətlərindən danışan şair gənclərə asudə vaxtlarının səmərəli keçirmələrini məsləhət görüb.

Elçin İsgəndərzadə poeziyasından bəzi nümunələri səsləndirib, gənc ədiblərin çoxsaylı suallarını cavablandırıb.

Görüşdə Elçin İsgəndərzadə "Qürbət hücrəsində" şeirlər və Qərib Mehdinin şairin 50 illik yubileyinə həsr etdiyi "Elçin-el üçün" kitablarını imzalayaraq gənc oxucularına hədiyyə edib.

Tədbirdə iştirak edən gənc ədiblərdən bəziləri çıxış edərək görüşdən çox məmnun qaldıqlarını, Elçin İsgəndərzadə ilə ünsiyyətdən böyük zövq aldıqlarını söyləyiblər.

Qeyd edək ki, sonda Elçin İsgəndərzadə görüşün keçirilməsinə yardımçı olduqlarına görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, iştirakçılara təşəkkür edib, GƏM üzvləri ilə xatirə şəkli çəkdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə