Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Nizami Kino Mərkəzində Tacikistan kinosu günlərinin açılışı olub. SİA-nın verdiyi xəbərə görə, tədbir iki ölkə arasında mədəni əməkdaşlıq ənənələrini möhkəmləndirmək, kino sahəsində əlaqələri genişləndirmək məqsədilə keçirilir.
Açılış mərasimində çıxış edən Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev son illərdə Tacikistan kinosunun böyük inkişafa nail olduğunu vurğulayıb. Bildirib ki, kino günləri Azərbaycan və Tacikistan kinematoqrafçılarının əlaqələrinin gücləndirilməsində vacib addımdır.
Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidov bu cür mədəni tədbirlərin keçirilməsinin iki ölkə arasında mədəni əməkdaşlığa müsbət təsir göstərdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, Azərbaycan və Tacikistan xalqlarını tarixi dostluq telləri, ortaq ənənələr və mənəvi dəyərlər bağlayır.
Sonra səhnəyə "Tacikfilm" kinostudiyasının direktoru, kinorejissor Nosir Saidov, kino tənqidçisi, fəlsəfə elmləri doktoru Sadullo Rəhimov, Tacikistanın Xalq artisti Sayram İsayeva və aktyor Abdukarim Maşrabov çıxıblar. Qonaqlar ölkəmizdə olmaqdan məmnunluqlarını ifadə etdilər. Azərbaycan xalqının böyük mədəniyyətə və qonaqpərvərliyə malik olduğunu bildirərək ölkəmizin kino, teatr, ədəbiyyat, incəsənət sahəsində dünya mədəni irsinə töhfələr verdiyini vurğulayıblar.
Kino günlərinin açılışında tamaşaçılara Nosir Saidovun "Müəllim" bədii filmi təqdim olundu.
Qeyd edək ki, martın 14-dək davam edəcək Tacikistan kinosu günləri çərçivəsində Nizami Kino Mərkəzində "Mən bir qıza rast gəldim", "Ağ sərçə", "Rüstəm və Zöhrab", "Müharibə dəhşətləri" və digər filmlər - ümumilikdə 5 bədii və 5 sənədli ekran əsəri nümayiş olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB