Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Müasir dövrümüz üçün bu milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə Novruz Bahar bayramı kimi qeyd olunmaqdadır. "Novruz" – hərfi mənada yeni gün deməkdir. Bəs əsrlərdən bizə qədər gəlib-çıxan bu bayramı necə qeyd edirik? Adətlərimizdə hər hansı bir dəyişiklik olubmu?
Bəzən Novruz personajlarının qapılara düşüb pay toplamasını dilənçilik kimi qələmə verirlər. Bu cür düşüncə nədən qaynaqlanır?

Bunu SİA-ya açıqlamasında folklorşünas Seyfəddin Rzayev söyləyib. Bildirib ki, artıq boz aya daxil olmuşuq. Bu da xalq təqviminin tərkib hissəsidir: "Boz ayın 4 həftəsinin ikinci günləri Su, Od, Torpaq və Axır Çərşənbə günləri qeyd olunur. Bəzi regionlarda onların adları çəkilmir və yalnız rəqəmlərlə bildirilir. Novruzun uyğun adətləri olduğu kimi fərqli ənənələri də var. Belə ki, hər kəs yaşadığı yerdən, ərazidən asılı olaraq bu bayramı qeyd edir. Novruzun əkinçilik təqvimi ilə bağlı olması tarixdən məlumdur. Belə ki, bu bayram şimal yarımkürəsində 20-21 martda baş verən yaz bərabərləşməsi ilə əlaqələndirilir. Təbiətin oyanması, canlanması, bitkilərin yenidən öz yaşıl rənginə bürünməsi min illər boyu müşahidə olunmuş və təcrübədə təsdiqlənmiş bir gerçəklikdir. Belə bir yeniləşmə gününün başlanğıcı şəmsi-günəş təqviminin ilk ayının ilk gününə (21 mart) təsadüf edir. Buna görə də həmin günü Novruz (Yeni gün) adlandırıblar. Onu da deyim ki, Sovet hakimiyyəti bizim milli bayramımıza qarşı mənfi münasibət bəsləyiblər. Çalışırdılar ki, Novruz bayramını xalqın yaddaşından silsinlər. Bunun səbəbi isə böyük bir xalqın milli kimliyi sayılan adət və ənənələri və dinidir. Bu da Novruz bayramının dövlətin diqqətindən silindi, meydanlardan yığışdırıldı. Kəndlərdə, regionlarda qeyd edilən adi bayrama çevrildi. Bu da çoxlu sayda Novruz adətlərinin aradan çıxmasına səbəb oldu. Ancaq axır çərşənbədə qeyd olunan amillər yaşamaqdadır. Belə ki, Novruzun süfrə, oyun, tamaşa, təmizlik ənənələri, həmçinin nişanlı gənc qıza oğlan evindən novruz payının getməsi kimi dəyərli adətlər bu gün də qalmaqdadır. Novruz bayramı Azərbaycan xalqının əsrlər boyu özündə cəmləşdirən müsbət cəhətləri yaşadır və gələcək nəsillərə miras qoyur. Biz adətən milli bayram olaraq Novruzun özünü qeyd edirik. Ancaq Novruzun əsas atributu olan axır çərşənbədir ki, il yola salınır. Novruz bayramında yaşından asılı olmayaraq hər kəs tonqalın üstündən tullanıb, ağırlığını tonqalın üstünə tökürlər. Bu yanlış hərəkətdir. Çünki Novruz yeni ilin gəlişini xəbər verir. Buna görə də insanlar axır çərşənbə günü azar-bezarını yanan tonqalın üzərindən tullanaraq tökməlidir. Daha sonra od sönəndən sonra gənclər külü evlərindən kənara çıxarıb axar suya tökərdilər ki, həmin xəstəliklər evdə qalmasın. Düşünürəm ki, müasir, milli, mədəni quruculuq şəraitində Novruz bayramına münasibətdə onun axır çərşənbəsinin bərpa edilməsi vacibdir. Bayram günü hər kəs evində xoş söhbətlər etməlidirlər ki, qapılarına qulaq falına gələn şəxslər gözəl sözlər eşidib sevinsin. Onu da deyim ki, bəzən Kosa ilə Keçəlin qapıları gəzib pay istəməsini dilənçilik adlandıranlar birmənalı şəkildə onlar bizim milli mədəniyyətimizi qəbul etməyənlərdir. Onlara nifrət bəsləyənlər Azərbaycanın milli adət-ənənələrinin, milli mənəviyyatını qəbul etməyənlərdir. Həmçinin Kosa və Keçələ dilənçi kimi baxılması savadsızlıqdan nadanlıqdan irəli gəlir. Onlar qışın rəmzidirlər. Kosa və Keçəlin simasında qış gedir və yeni il gəlir. Hesab edirəm ki, Keçəl və Kosanın bu cür dəyərləndirilməsi bir tərəfdən həm mədəniyyətimizə xor baxanların, öz kökündən ayrı düşənlərin, digər tərəfdən isə tam savadsızlığın nümunəsidir. Bu sosial paylaşım deməkdir. Yəni bununla da kasıblar varlıların qapısına gedərək onlardan pay istəyirdilər. Varlılar da hamı bayram keçirsin deyə insanlara bayram hədiyyələri verərdilər. Papaqatma mərasimi isə birmənalı şəkildə bilmək lazımdır ki, bu tarixi köklərə aid olan bir adətdir. Bəzən deyilir ki, "Qeyrət rəmzi" sayılan papağın qapılara atılması yanlışdır. Belə çıxış ki, bu günə qədər yaşayan kişilər qeyrətsiz, yalnız bu fikri irəli sürən şəxslər ağıllı və namusludur. Düşünürəm ki, bu çox gülünc bir fikirdir. İlk əvvəl onu deyim ki, papağın mərasimdəki yeri başqadır, adi həyatda geyinilən papağın istifadəsi tamam fərqlidir. Diqqət etsək görərik ki, papağı hələ cəmiyyətdə sosial, siyasi mövqe tutmayan gənclər və uşaqlar atırdılar. Yəni onlar hələ kişilik, ağsaqqallılıq statusuna keçməyənlərdir. Orta əsr tarixinə baxsaq yaşlı insanların papaq atdığını görə bilmərik. Bir sözlə bu uşaqların oyunu sayılır".

Qeyd edək ki, Novruz Bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir. Qədim Vavilonada bu bayram nisanın (mart, aprel) 21-ci günü qeyd olunurdu və 12 gün davam edirdi. Bununla belə bu 12 günün hər birisinin öz ritualları (mərasim, ayin), öz əyləncələri mövcud idi.
Sovet dövründə Novruz Bayramı qeyri-rəsmi qeyd olunurdu, çünki hökümət orqanları buna icazə vermirdilər və insanları təqib edirdilər. Ancaq bütün bunlara baxmayaraq, əsrlərdən qalmış ənənələrə sadiq olaraq, hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edirdi.

Təbiətin, həyatın oyanması Novruzdan başlanır və Azərbaycan xalqı bunu çox təntənəli və həm də hələ bir ay qalmışdan qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su, Od, Torpaq və Axır Çərşənbə günləri qeyd olunur. Xalq mövhumatına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci od, üçüncü yer, dördüncü çərşənbə küləyin köməyi ilə ağaclar cücərir və baharın gəlməsindən xəbər verir. Xalq arasında elə təsəvvür yaranır ki, külək sudan da, oddan da, yerdən də güclüdür.
Çərşənbələrin içində ən vacibi axırıncı – Axır Çərşənbə axşamıdır. Həmin gün qədim ənənələrlə zəngin olur, bütün həyat tərzini əhatə edən, təzə ilə xoş arzular, ailəyə səadət, xoşbəxtlik və bütün bədbəxtlikdən uzaq olmaq arzulanır. Bütün evlərdə bayram süfrəsi açılır, cürbəcür yeməklər, əsasən aş, şirniyatlardan paxlava, şəkərbura, şəkərçörək, şorqoğal, badambura və s. bişirilir. Süfrədə "S" hərfi ilə başlanan yeddi növ xörək olmalıdır. Süfrəyə həmçinin sumax, sirkə, süd, səməni, səbzi və s bunlardan başqa güzgü və şamlar, güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bayram süfrəsində bayram xonçasının olması vacibdir. Xonçanın ortasında səməni, hər ailə üzvünə şam, boyadılmış yumurta qoyulur. Bunların da öz rəmzi mənası var: şam od, işıq deməkdir hansı ki, insanı bədnəzərdən qoruyur, güzgü aydınlıq rəmzidir. Ənənəyə görə bayramın ilk günü hamı öz evində olmalıdır. Ancaq övladlar ata-analarına baş çəkib, yenə də öz evlərinə qayıtmalıdırlar.
Bayram həm də qədim oyunlarla zəngindir. Xalqı tərənnüm edən yaradıcılığının bütün janrlarından ən çox nağıllar, hekayələr, dastanlar, lətifələr, məsxərələr və s. istifadə olunur. Qədim ənənələrdən "Xıdır İlyas" (məhsuldarlıq, çiçəklənmə rəmzi), "Kos-kosa" – meydan məzəli oyunu (baharın gəlməsi rəmzi) və falabaxmanı qeyd etmək olar.
.jpg)
Su və odla bağlı maraqlı ənənələr də var. Tonqallar qalanır və Novruzdan əvvəl Axırıncı Çərşənbə günü yaşından və cinsindən asılı olmayaraq, hamı tonqalın üstündən tullanmalıdır, özü də yeddi dəfə, ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə. Tullanmaqla bərabər bu sözlər də deyilir: "Sarılığım sənə, qırmızılığın mənə". Tonqal heç vaxt su ilə söndürülmür. Özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.
Su ilə əlaqədar olan ənənələr Azərbaycanda təzə illə bağlıdır. Təzə ildə axar suyun üstündən tullanmaqla, keçən ilin günahlarını yumuş olursan. Bundan başqa bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi, yatmazdan əvvəl biri-birinin üstünə su çiləyirlər. Deyilənə görə, Axırıncı Çərşənbə gecəsi bütün axar sular dayanır və hamı ona səcdə edir, hətta ağaclar da yerə əyilir. Əgər təzə il axşamı hər kəs bu sudan içərdisə, onlar təzə ildə bütün xəstəliklərdən uzaqlaşırdılar.
Novruzun ən yüksək zirvəsi köhnə il öz səlahiyyətlərini təzə ilə verəndə olur. Bu anda köhnə ənənəyə görə Novruzun şərəfinə top və tüfənglərdən yaylım atışları açılır.
Xalq arasında deyirlər: "Əgər bayram günü evdə olmasan, yeddi il dərbədər olacaqsan". Bir qayda olaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtçilik əlamətidir.

Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçməyini - quru və yaxud yağışlı, məhsuldarlığın dərəcəsini təyin edirdilər. Ənənəyə görə Novruzun birinci günü – yaz, ikinci – yay, üçüncü – payız, dördüncü günü isə - qış sayırlar.
Novruz - bir bayram kimi baharın gəlməsi münasibəti ilə geniş miqyasda qeyd olunur və sevincli bir hala - qışın qurtarmasına və baharın gəliməyinə həsr olunur.
Bayramınız Mübarək!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB