Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı Fazil Güneyin "Yalanın gerçəkliyi" kitabının imza günü keçirilib. SİA-nın verdiyi məlumata görə, "Apostroff" Çap Evində işıq üzü görən kitabda müəllifin müxtəlif illərdə yazdığı hekayə, esse və povestlərindən seçmələr toplanıb. Çeşidli janrlarda yazılmış bu əsərlər fərqli mövzularda olsalar da, onların aparıcı leytmotivi vətənpərvərlik, mənəvi saflıq, təmiz sevgi duyğularıdır.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyi Poeziya Bölməsinin rəhbəri Çingiz Əlioğlu qonaqları salamladıqdan sonra Fazil Güneyin yaradıcılığı haqqında iştirakçılara məlumat verib.
Reyhan Mirzəzadə çıxışında Fazil Güneyin yaradıcılığı, təqdim olunan kitab barəsində fikir və düşüncələrini tədbir iştirakçıları ilə bölüşüb: "Sarkazmla yazılmış "Yalanın gerçəyi" povestində, "Amazon", "Cənnəti də pulla almaq istədi", "Nostalji" hekayələrində yazıçı qəhrəmanlarının iç dünyasını açmaq üçün düşündürücü satiradan, "Qloballaşma dərsi", "Artıq kişi necə hayıf aldı" hekayələrində islahedici yumordan istifadə edib".
Təqdimat mərasimində millət vəkili Sabir Rüstəmxanlı, Nazim Əhmədli, Ədalət Paşayev, Jəhya Əliyev, Natəvan Hacıyeva və başqaları çıxış edərək Fazil Güneyi yeni kitabının nəşr olunması münasibətilə təbrik ediblər, müəllifə yaradıcılıq uğurları arzulayıblar.
Tədbirin sonunda çıxış edən Fazil Güney tədbirin keçirilməsinə yaratdıqları şəraitə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, iştirakçılara təşəkkür edib, kitabını imzalayaraq oxuculara təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB