“Əxlaqsız insanlar efiri zəbt ediblər” AÇIQLAMA

“Əxlaqsız insanlar efiri zəbt ediblər” AÇIQLAMA

"Təəssüf ki, Azərbaycanda telekanalların sayı artdıqca mövzular və problemlərə münasibətdə televiziya efirlərinin doldurulması nöqsanları ortaya çıxdı. Bu da bir çox yüngül əxlaqlı insanların televiziyalara ayaq açmasına səbəb oldu". Bunu SİA-ya açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov söyləyib.

Bildirib ki, indi mütəmadi olaraq sosial mövzulardakı verilişlərə bu tipli insanları qonaq çağırırlar: "Belə insanların efirə çıxması uşaq, yeniyetmə və gənclərin əxlaqının, mənəviyyatının pozulmasına gətirib çıxarır. Həm ziyalılarımız, həm də ictimai xadimlərimiz bununla bağlı öz etirazlarını bildiriblər. Hətta Milli Məclis səviyyəsinə qədər narazılıqlar olub ki, müğənnilik peşəsi arxasına gizlənən insanları efirə buraxmaq olmaz. Çünki onların istər intellektual səviyyəsi, istər mənəvi-əxlaqı, istərsə də şəxsi keyfiyyətləri imkan vermir ki, bir ailə əyləşib həmin verilişə baxsın. Artıq Azərbaycan tamaşaçısı rus, ingilis və türk kanallarını izləyirlər. Halbuki televiziya mədəniyyətimizin bir hissəsidir və çağdaş mədəniyyətin inkişafında televiziyalarda göstərilən proqramların rolu həddindən artıq böyükdür. Bəzən bütün gün efiri zəbt edən insanların real həyatda insan alverində adlarının hallandırılması, onların yaxınlarının narkotika satışında, hətta evlərində əxlaqa zidd hərəkətlərə yol verdikləri haqda xəbərlər yayılır. Bəzilərinin işi məhkəmədədir . Hətta həbs olunanlar da var. Ancaq təəssüflər olsun ki, nəyəsə görə kanalların əksəriyyəti bu cür insanları yenə də qonaq qismində dəvət edirlər. Çünki televiziyaların özlərinin biznes marağı var və bu insanlar müəyyən qədər pul ödəməklə həmin televiziyaları zəbt edirlər. Həmçinin özlərinə yeni bazarlar açırlar. Düşünürəm ki, hər şeyi, ən əsası mənəviyyatımızı pula qurban vermək olmaz".

Bütün xəbərlər Facebook səhifəmizdə