Şirvanda “Yaradıcılıq düşərgə”si təşkil edilib

Şirvanda “Yaradıcılıq düşərgə”si təşkil edilib

Şirvan şəhərində rayon mədəniyyət müəssisələrində çalışan gənc əməkdaşların fəaliyyətinin stimullaşdırılması, onların nəzəri hazırlıq səviyyəsinin artırılması, sistemdə yaradıcı mühitin dəstəklənməsi, habelə müəssisələrarası sıx işgüzar əlaqələrin təmin olunması və əməkdaşlar arasında təşəbbüskarlıq keyfiyyətlərinin inkişafı məqsədilə "Yaradıcılıq düşərgə"si təşkil edilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Salyan, Sabirabad, Saatlı, Hacıqabul, Qobustan rayon və Şirvan şəhərində fəaliyyət göstərən mədəniyyət evlərinin gənc əməkdaşları iştirak edib. Rayon mədəniyyət evlərində çalışan gənc əməkdaşların fəaliyyətlərinin stimullaşdırılmasına xidmət edən təkliflərin müzakirəsinə, müəssisələr tərəfindən görülən işlərin təbliğinə və fəaliyyətin effektivliyinin artırılmasında kreativ ideyaların və yeni yanaşmaların geniş istifadəsinə həsr olunmuş tədbirdə Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin Elm sektorunun müdiri Asif Usubəliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Tədbirin moderatoru Asif Usubəliyev respublikamızda reallaşan mədəniyyət siyasətinin qarşısında duran əsas hədəflər, ölkə rəhbərliyinin mədəniyyət sahəsinə göstərdiyi diqqət sayəsində əldə olunan uğurlar, ölkəmizin beynəlxalq nüfuzunun artırılması və lazımi imicinin formalaşdırılmasında mədəniyyət amilinin artan əhəmiyyəti barəsində iştirakçılara geniş məlumat verib.

Rayon mədəniyyət evlərinin əməkdaşların fəal iştirakı ilə gənc mədəniyyət işçilərinin potensialından səmərəli istifadə yolları, respublikamızda keçirilən beynəlxalq tədbirlərin təşkili zamanı qüvvələrin səfərbər olunması, sahənin inkişafına xidmət edəcək kreativ təkliflərin müəyyənləşdirilməsi, gənc əməkdaşlara dair Nazirlik tərəfindən ayrılan diqqətin artırılması, müəssisələr və rayonlar arasında daha effektiv koordinasiya işlərinin aparılması və digər bu kimi məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Bu kimi təcrübənin gələcəkdə davam olunması zərurətini bildirən tədbir iştirakçıları analoji formatda təşkil olunan tədbirlərin əməkdaşların maarifləndirilməsi ilə yanaşı, fəaliyyətin stimullaşdırılmasına və onlarda təşəbbüskarlıq keyfiyyətlərinin inkişafına xidmət edəcəyini qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə