AKB “ACE of MICE 2015” sərgisində iştirak edib

AKB “ACE of MICE 2015” sərgisində iştirak edib

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Konqreslər Bürosu "ACE of MICE 2015" - Konqres, Görüş və Tədbirlər sahəsi üzrə beynəlxalq turizm sərgisində iştirak edib. SİA-nın verdiyi məlumata görə, beynəlxalq işgüzar turizm bazarında önəmli yer tutan "ACE of MICE" sərgisi Türkiyənin İstanbul şəhərində baş tutub.

Əsas məqsədi Azərbaycanın biznes turizminin təbliği olan Azərbaycan Konqreslər Bürosu bu beynəlxalq əhəmiyyətli sərgidə ilk dəfə olaraq öz stendi ilə iştirak edib.

Sərgi zamanı, Büro alıcılarla 100-dən çox üz-üzə görüşlər keçirib ki, Azərbaycanın turizm sahəsinə maraq göstərən alıcılar əsasən Türkiyə, Rusiya və Mərkəzi Avropa ölkələrini təmsil edib.

"ACE of MICE" hər il biznes turizmi sahəsində çalışan mütəxəssisləri və bu sahənin liderlərini bir araya gətirərək onlara bu sahəni milli və beynəlxalq səviyyədə tədqiq etmək üçün yardımçı olur.

"ACE of MICE 2015" sərgisində təxminən 170 şirkət, 600 təcrübəli alıcı və 10.000-ə yaxın peşəkar ziyarətçi bir araya gəlir.

Nəzərinizə çatdıraq ki, Azərbaycan Konqreslər Bürosunun bir neçə üzvü də bu sərgiyə qoşulub.

2013-cü ilin sonlarından fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirləri cəlb etmək və ölkəni beynəlxalq səviyyəli təyinat məkanı kimi təbliğ etmək daxildir.

Bu məqsəd ilə, Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqələr qurur, bazar iştirakçılarını ölkəyə cəlb etməyə çalışır və bütün maraqlı Görüşlər Sənayesi iştirakçıları ilə əməkdaşlıq etmək üçün beynəlxalq konqres və seminarlarda iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə