Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Cüzeppe Verdinin "Aida" operası nümayiş olunub. SİA-nın verdiyi məlumata görə, tamaşada üç dövlətin – Ukrayna, Gürcüstan və Azərbaycanın vokal sənəti ulduzları iştirak ediblər.
Aida partiyasını Ukraynanın əməkdar artisti Viktoriya Çenskaya səsləndirib. V.Çenskaya bir çox beynəlxalq müsabiqələrin laureatıdır. Almaniya, Macarıstan, Şotlandiya, İspaniya, Niderland, İtaliya, Fransa, Tailand və s. ölkələrdə çoxsaylı qastrol səfərlərində olub.
Radames rolunda Gürcüstanın xalq artisti, Dövlət mükafatı laureatı, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, professor Teymuraz Ququşvili çıxış edib. Amonasro partiyasını ifa etmək üçün isə Ukraynanın əməkdar artisti Dmitri Qrişin dəvət olunub.
Tamaşada əsas rollardan biri olan Amneris partiyasını isə Azərbaycanın əməkdar artisti Fidan Hacıyeva canlandırıb.
Tamaşada, həmçinin Azərbaycan Opera və Balet Teatrının solistləri – xalq artisti Əli Əsgərov, əməkdar artistlər Gülnaz İsmayılova, Əkrəm Poladov və başqaları çıxış ediblər.
Qeyd edək ki, tamaşanın dirijoru Z.Paliaşvili adına Gürcüstan Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri David Kintsuraşvilidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB