“Rejissor işi haqqında”

Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) "Rejissor işi haqqında" kitabının yeni nəşrinin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, unudulmaz sənətkarlarımız Mehdi Məmmədov və Zəfər Nemətovun müəllifi olduqları bu kitab ilk dəfə 1956-cı ildə işıq üzü görüb.

Tədbiri açan ATXİ-nin sədri, xalq artisti Azərpaşa Nemətov həcmcə kiçik, mənaca böyük olan bu əsərin ona əziz olan, korifey sənətkarların birlikdə yazdıqlarını, çoxlarını rejissorluq sənətinə bağlayan qiymətli bir mənbə olduğunu vurğulayıb və rejissorluq sənətinin əlifbası adlandırıb.

Tədbirdə xalq artistləri Hacı İsmayılov, Canəli Əkbərov, Rasim Balayev, Ağakişi Kazımov, Rafiq Əzimov, İlham Namiq Kamal, əməkdar incəsənət xadimi Bəhram Osmanov çıxış edərək kitab haqqında fikirlərini bildirib, müəlliflərlə bağlı xatirələrini bölüşüblər.

Qeyd edilib ki, əsər ötən əsrin 50-ci illərində yazıldığına baxmayaraq bu gün də müasirdir və gənc rejissorlar üçün dəyərli dərs vəsaitidir.

Qeyd edək ki, sonda A.Nemətov kitabın ikinci hissəsi kimi hesab edilən Mehdi Məmmədovun müəllifi olduğu "Rejissor sənəti" kitabının da nəşr olunacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə