Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin müəllif konserti olub. SİA-nın verdiyi məlumata görə, Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş tədbirdə dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak edib.
Tədbir Firəngiz Əlizadənin yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Çıxış edən musiqişünas Jalə Qulamova Firəngiz Əlizadənin yaradıcılığı barədə məlumat verərək bildirib ki, o, ölkəmizi dünyada tanıdan bəstəkarlardandır.
Qeyd edilib ki, YUNESCO-nun "Dünya artisti" adını alan bəstəkarın əsərinin daxil olduğu albom bu yaxınlarda nüfuzlu "Grammy" mükafatına layiq görülüb.
Sonra konsert təqdim edilib.
Konsertdə Firəngiz Əlizadənin "Şüştər" muğamı üstündə simli orkestr üçün yazdığı "Metamorfozlar" əsəri və "İntizar" operasından parçalar səsləndirilib.
Əsərləri əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin müşayiəti ilə solistlər - əməkdar artistlər Səbinə Əsədova, Əkrəm Poladov və Gülnaz İsmayılova ifa ediblər. Konsertdə xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası və əməkdar incəsənət xadimi Dilarə Əliyevanın bədii rəhbərliyi ilə uşaq kapellası da çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB