Respublikanın şəhər və rayonlarında xoreoqrafiya sahəsi üzrə mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi, uşaq incəsənət məktəblərinin xoreoqrafiya şöbələrində tədrisin keyfiyyətinin artırılması məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakı Xoreoqrafiya Akademiyasının ixtisas fənn müəllimlərinin iştirakı ilə zonalar üzrə ustad dərsləri təşkil edilir. SİA-nın verdiyi məlumata görə, fevral ayında Bakı və Lənkəran şəhərlərində, Bərdə, Salyan və Şamaxı rayonlarında keçirilmiş ustad dərslərində zonalar üzrə Lənkəran, Mingəçevir, Şirvan, Yevlax şəhər, Ağdam, Ağdaş, Ağsu, Astara, Bərdə, Biləsuvar, Cəlilabad, Füzuli, Göyçay, Hacıqabul, İsmayıllı, Qobustan, Lerik, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Şamaxı, Tərtər, Yardımlı rayon uşaq incəsənət məktəblərində, klub və mədəniyyət evlərində çalışan xoreoqrafiya sahəsi üzrə mütəxəssislər iştirak ediblər. Ustad dərslərini xalq artisti Yusif Qasımov, əməkdar artistlər Tamilla Məmmədova, Səbinə Qasımova, Emil Əliyev, Prezident təqaüdçüləri Xamiz Cəfərov və Akif Kərimli, habelə Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri Ella Hacıyeva, Kamilla Əliyeva və Aydın Mustafayev aparıblar.
Cari ilin mart ayında Gəncə, Sumqayıt, Şəki şəhərlərində və Tovuz rayonunda Bakı Xoreoqrafiya Akademiyasının müəllimlərinin ustad dərslərinin keçirilməsi planlaşdırılır. Ustad dərslərində Gəncə, Şəki, Naftalan şəhər, Ağstafa, Balakən, Daşkəsən, Gədəbəy, Goranboy Göygöl, Xocalı, Kəlbəcər, Qax, Qazax, Qəbələ, Oğuz, Samux, Şəmkir, Tovuz, Zaqatala rayon mədəniyyət müəssisələrinin xoreoqrafiya sahəsi üzrə mütəxəssislərinin iştirakı nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB