Xocalı faciəsi Özbəkistanda anılıb

Xocalı faciəsi Özbəkistanda anılıb

Azərbaycanın Özbəkistandakı Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı anım mərasimi keçirib. SİA-nın verdiyi məlumata görə, tədbirə Özbəkistandakı xarici ölkələrin səfirləri, bu ölkəyə akkreditə olunan çoxsaylı diplomatlar, elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun nümayəndələri, jurnalistlər qatılıb. Özbəkistanda səfərdə olan Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev anma mərasimində iştirak edib.

Mədəniyyət Mərkəzində keçirilən tədbirdə mərasim iştirakçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsi ilə bağlı kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış olub, qonaqlara Xocalı faciəsi haqqında kitablar və məlumatlar paylanıb.

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bu qətliam barədə ətraflı məlumat verib. Səfir qeyd edib ki, Xocalı faciəsi erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilən soyqırımı və etnik təmizləmə siyasətinin nəticəsidir. XX əsrdə baş vermiş Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, ümumilikdə bütün bəşəriyyətə qarşı törədilən vəhşilikdir. Səfir bu günə qədər Rumıniya, Kolumbiya, Honduras, Serbiya, Peru, Panama, Pakistan, Meksika, İordaniya, Bosniya və Herseqovina, həmçinin ABŞ-ın 16 ştatı, bir sıra beynəlxalq təşkilatları tərəfindən Xocalı soyqırımının rəsmi olaraq tanındığını söyləyib.

Daha sonra çıxış edən Türkiyənin Özbəkistandakı səfiri Namik Önər ermənilərin tarix boyu azərbaycanlılara və türklərə qarşı törətdikləri vəhşiliklərdən danışıb. Xocalı faciəsinin dövrün ən qanlı soyqırımlarından biri olduğunu bildirən N.Önər deyib ki, biz bu qətliamı öz faciəmiz kimi qəbul edirik. Türklər Xocalı faciəsini heç zaman unutmayacaq.

Daşkənddəki Beynəlmiləl Respublika Mədəniyyət Mərkəzinin direktoru Nəsrəddin Məhəmmədiyev ermənilərin və onların havadarlarının Xocalıda törətdikləri cinayətləri pisləyib, onların bu qanlı əməllərinə görə cavab verməli olacaqlarını vurğulayıb.

Sonra Xocalı faciəsi ilə bağlı sənədli film və "Eurovision-2011" mahnı müsabiqəsinin qalibi Nigar Camalın "Məhv edilmiş arzular" (Broken dreams) klipi nümayiş etdirilib.

Qeyd edək ki, Xocalı soyqırımına Özbək mətbuatı geniş yer verib, Özbəkistan mətbuatı faciənin 23-cü ildönümü ilə əlaqədar çoxsaylı məqalələr dərc etdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə