Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Bakı şəhəri 46 saylı Məktəbdənkənar tərbiyə işi Mərkəzi ilə birgə Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş "Xocalı qan yaddaşımız" adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdən əvvəl teatrın kollektivi "Ana fəryadı" abidəsini ziyarət edərək faciə qurbanlarını xatirəsini yad ediblər.
Daha sonra teatrda sözügedən Mərkəzin rəsm dərnəyinin şagirdlərinin Xocalı faciəsinə həsr olunmuş əl işlərindən ibarət sərgi nümayiş etdirilib.
Qarabağda, Ağdam məscidində səslənmiş sonuncu Azan səsləndirildikdən sonra tədbiri giriş sözü ilə teatrın direktoru, əməkdar artist Mübariz Həmidov açaraq bəşər tarixinin ən qanlı qətliamlarından sayılan erməni quldurlarının törətdikləri Xocalı soyqırımı haqqında fikirlərini bölüşüb: "1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. 7 mindən çox əhalisi olan Xocalı şəhərində törədilən faciədə mülki əhalidən 613 nəfər işgəncə ilə öldürüldü. Onlardan 63-ü körpələr idi. Soyqırım nəticəsində 25 uşaq tam valideynsiz qaldı, 487 adam yaralandı, 1275-i əsir götürüldü, 150 adam itkin düşüb. Bu faciə dünyada törədilmiş ən qəddar terror aktlarından biri kimi insanlıq tarixinə düşüb. Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonunda məskunlaşmış Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar".
M.Həmidov çıxışından sonra sözü teatrın gənc aktyoru Elnur Kərimova verib. E.Kərimov tədbirdə iştirak edən Bakı şəhəri 46 saylı Məktəbdənkənar tərbiyə işi Mərkəzinin müəllim heyətinə, ictimaiyyət nümayəndələrinə, "Bura Vətəndir" Məclisinin üzvlərinə, sərgidə əl işləri nümayiş etdirilən bütün şagirdlərə və tədbirin keçirilməsində əziyyəti olan hər kəsə öz minnətdarlığını bildirib.
"Müharibə uşaqları" sənədli filminin rejissoru Şamil Nəcəfzadə və operatoru Nizami Abbas birgə ərsəyə gətirdikləri film haqqında danışaraq bildiriblər ki, lentə alınan insanların həyat hekayəsi filmin əsas ssenarisini təşkil edib.
Xocalı soyqırımının ilk görüntülərini çəkmiş, həmin hadisələrin canlı şahidi olmuş Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşı İlqar Cəfərov də öz xatirələrini bölüşərək erməni təcavüzünə məruz qalmış soydaşlarımızın fotolarını çəkməyin ağırlığını dilə gətirib.
Tədbirin davamında Gənc Tamaşaçılar Teatrının ən gənc aktyoru Mirabbas Babayev Xocalı faciəsi haqqında şeir səsləndirib. Teatrın aktyorları Vahid Orucoğlu və Roza İbadovanın ifasında "Xocalı qan yaddaşımız" adlı kompozisiyanın nümayişindən sonra "Muminun İlahi nəğmələr" qrupunun rəhbəri Mehdi Validoğlu öz ifasını təqdim edib.
Sonda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Yaddaş" sənədli filmlər studiyasının istehsal etdiyi rejissor Şamil Nəcəfzadənin "Müharibə uşaqları" sənədli filminin premyerası nümayiş etdirilib. Film Azərbaycanın torpaqları uğrunda şəhid olan qəhrəmanların xatirəsinə həsr olunub.


.jpg)




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB