Azərbaycan Milli Konservatoriyasında 11-18 mart tarixlərində Bakıda keçiriləcək "Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalına hazırlıqla bağlı görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən tədbirdə nazirliyin təmsilçiləri ilə yanaşı Azərbaycan muğam sənətinin tanınmış simaları, eləcə də konservatoriyanın müəllim heyəti və tələbələri iştirak ediblər.
Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi qonaqları salamlayaraq beynəlxalq festival öncəsi belə bir toplantının keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan xalqının zəngin mədəni irsində xüsusi yeri olan muğam sənətinin inkişaf etdirilməsi, dünyaya təbliği istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb. Qeyd olundu ki, ölkə başçı İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə diqqət və qayğısı sayəsində Azərbaycan muğamı özünün ən yüksək inkişaf mərhələsinə çatıb, dünyanın ən mötəbər konsert salonlarında səslənir.
Bildirildi ki, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü ilə dördüncü dəfə keçiriləcək "Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalı yenə dünya milli musiqiçilərinin diqqətini çəkəcək. Artıq ənənə halını alan muğam layihələrinin - festival və müsabiqələr, konfrans və simpoziumlar barədə söz açan Ədalət Vəliyev Azərbaycanın muğam beşiyi statusunu qoruyub saxladığını və muğam mərkəzi olaraq dünyanın hər yanından muğam ifaçıları və mütəxəssislərini bir araya topladığını dedi.
Nazir müavini çıxışında muğam üçlükləri, yeni musiqi heyətlərinin, gənc və istedadlı ifaçılardan ibarət muğam qruplarının yaradılması və s. məsələlərlə bağlı fikirlərini də bölüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB