Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirliyinin və Britaniya Şurasının (British Council Azerbaijan) birgə təşəbbüsü ilə Azərbaycan muzeylərinin inkişaf səviyyəsinin, dünyanın aparıcı muzeylərinin standartlarına çatdırılması məqsədilə muzey işçiləri üçün seminar-treninqlərin təşkili nəzərdə tutulub. SİA-nın verdiyi məlumata görə, layihənin həyata keçirilməsi ilə bağlı Britaniya Şurasının Muzey, Kitabxana və Arxiv sahəsi üzrə regional məsləhətçisi xanım Ceyn Viksi və bu sahə üzrə mütəxəssis xanım Coanna van Mil Azərbaycana səfər ediblər.
Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyevanın, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı Səfiri İrfan Sıddıqın, Britaniya Şurasının (British Council Azerbaijan) ölkə üzrə direktoru Elizabet Vaytın və muzey ictimaiyyətinin iştirakı ilə görüş keçirilib.
Tədbir zamanı nazir müavini Sevda Məmmədəliyeva çıxış edərək qeyd edib ki, Britaniya Şurasının ölkəmizdəki fəaliyyəti Böyük Britaniya və Azərbaycan arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə, müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığın uğurlu inkişafına xidmət edir. Nazir müavini xüsusi vurğulamışdır ki, Böyük Britaniya və Azərbaycan Respublikası arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq uğurla inkişaf edir.
Britaniya Şurası Azərbaycanda fəaliyyətinin ilk günlərindən mədəniyyət və incəsənət sahəsində fəal əməkdaşlığa başlayıb. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Britaniya Şurası ilə birgə teatr, musiqi, xoreoqrafiya, müasir incəsənət sahəsində bir çox maraqlı layihələr həyata keçirib.
Hər il Azərbaycan və Böyük Britaniyada keçirilən turizm sərgilərində hər iki ölkənin turizm şirkətləri mütəmadi olaraq iştirak edirlər. Bu isə qarşılıqlı turist səfərlərinin çoxalmasına öz müsbət təsirini göstərir.
Tədbirdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı Səfiri İrfan Sıddıq çıxış edərək layihənin həyata keçirilməsinə böyük dəstək verilməsinə görə öz minnətdarlığını bildirib.
Britaniya Şurasının (British Council Azerbaijan) ölkə üzrə dirkektoru Elizabet Vayt öz çıxışında layihənin mədəni irsin qorunması sahəsində böyük töhfə verəcəyini bildirib və Britaniya Şurasının Muzey, Kitabxana və Arxiv sahəsi üzrə regional məsləhətçisi xanım Ceyn Viksini və bu sahə üzrə mütəxəssis xanım Coanna van Mili tədbir iştirakçılarına təqdim edib.
Tədbirin birinci hissəsinin sonunda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı Səfiri İrfan Sıddıq, Britaniya Şurasının (British Council Azerbaijan) ölkə üzrə direktoru Elizabet Vayt və tədbir iştirakçıları Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiyası ilə yaxından tanış olublar.
Tədbirin ikinci hissəsində ölkəyə səfər etmiş ekspertlər muzey işçiləri ilə birlikdə Azərbaycanın muzey sektoruna aid mühüm məsələləri müzakirə etmiş, muzeylərin gələcək fəaliyyətinin gücləndirilməsinə dair fikirlər söylənilmiş, treninqlər (workshop) keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB