Canəli Əkbərov mükafatlandırılıb

Canəli Əkbərov mükafatlandırılıb

Görkəmli xanəndə, Azərbaycan Respublikasının xalq artisti, Prezident təqaüdçüsü, professor Canəli Əkbərov Azərbaycan muğam sənətinin inkişafındakı xidmətlərinə görə və anadan olmasının 75 illiyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb. SİA-nın verdiyi məlumata görə, Canəli Əkbərov musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. O, 1965-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1976-cı ildən bu günə kimi isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir.

Xanəndə teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov - "Leyli və Məcnun"), Şah İsmayıl (M.Maqomayev - "Şah İsmayıl"), Aşıq qərib (Z.Hacıbəyov - "Aşıq Qərib") obrazları yaradıb.

Canəli Əkbərov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Muğam sənəti" kafedrasının müdiri vəzifəsində çalışır.

Görkəmli xanəndə 1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1992-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb, 2002-ci ildə isə Şöhrət ordeni ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə