Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramının icrası regionlarda məqsədyönlü tədbirlərin təşkil olunması vasitəsilə Azərbaycanın milli folklor, sənətkarlıq və diyarşünaslığın qorunması, xalq yaradıcılığının təşviqi işinə əlavə təkan verib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, bununla əlaqədar olaraq, Azərbaycanın qədim və zəngin mədəniyyətinin geniş təbliğ edilməsi, regionlararası mübadilənin gücləndirilməsi, bölgələrin mədəni və turizm potensialının nümayiş etdirilməsi məqsədilə cari il ərzində Bakı şəhərində respublikanın şəhər və rayonlarının incəsənət ustalarının "Bölgələrdən paytaxta" adlı mədəni tədbirlərin təşkili nəzərdə tutulub.
Tədbirlər çərçivəsində regionlarda fəaliyyət göstərən bədii kollektivlərin və incəsənət ustalarının konsertinin təşkili, bölgələrin adət-ənənələri, tətbiqi sənəti, mətbəx nümunələri, sosial-iqtisadi inkişafı və turizm potensialını əks etdirən sərgilərin nümayişi keçiriləcək.
Layihə çərçivəsində Qəbələyə həsr olunmuş növbəti tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə martın 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında reallaşacaq.
Məlumat üçün bildiririk ki, "Bölgələrdən paytaxta" adlı layihə çərçivəsində ilk tədbir Masallı incəsənət ustalarının konserti fevralın 10-da Azərbaycan Dövlət Musiqili Teatrında həyata keçirilib.
Qeyd edək ki, Bakı şəhərində mütəmadi olaraq keçiriləcək "Bölgələrdən paytaxta" adlı tədbir ardıcıllıqla Qəbələ, Quba, Şəki, Gədəbəy, Abşeron, Gəncə və İsmayıllı rayonlarına həsr olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB