“Sözün bitdiyi yer”

Bu gün Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Xocalı soyqırımına həsr olunmuş "Sözün bitdiyi yer" adlı tədbir-sərgi təşkil olunub. SİA-nın verdiyi məlumata görə, tədbirdə Xocalı Faciəsinin şahidləri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və Azərbaycan Turizm İnstitutunun müəllim və tələbə heyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil alan gənclərin Respublika Yaradıcılıq Evinin və Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin üzvləri, Milli Qvardiyanın, Daxili Qoşunlarının əsgərləri, Sərhəd Qoşunlarının şəxsi heyəti və digər qonaqlar iştirak ediblər.

Sərgidə ilk olaraq mərhum gənc rəssam Cavid Bayramlının Xocalı faciəsini əks etdirən əsərləri, muzeyin fondunda saxlanılan bu mövzuya aid sənədlər nümayiş olunub. Həmin əsərlər C.Bayramlının qohumları tərəfindən muzeyə daimi mühafizəyə təhvil verilib.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi çıxış edərək XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, Xocalı faciəsi tarixin yaddaşlardan heç vaxt silinməyəcək.

Daha sonra Xocalı faciəsinin şahidi, Qarabağ əlili müharibə veteranı Surxay Quliyev söz alaraq 1992-ci ilin fevralında erməni silahlı qüvvələri Xocalı əhalisini vəhşicəsinə qırdığını söyləyib. Xocalı faciəsi xalqın başına gələn müsibətləri dilə gətirib.

Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil alan gənclərin Respublika Yaradıcılıq Evinin nümayəndələri tərəfindən Xocalı faciəsinə həsr olunmuş kompozisiya və Mədəniyyət və Turizm Nazirliyi "Salnamə" sənədli filmlər studiyasının istehsalı olan "Dua" filmi nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə