"Milli geyim günü turizmin inkişafına mühüm töhfə verəcək" FOTO-AÇIQLAMA
"Milli Geyim Gününün təsis edilməsi ölkədə turizmin inkişafına mühüm töhfə verə bilər". Bunu SİA-ya açıqlamasında modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova söyləyib: "Azərbaycanda Milli Geyim Gününün təsis edilməsi ideyasını hələ 2006-cı ildə irəli sürmüşdüm. Qeyd etmək lazımdır ki, ötən müddət ərzində bu istiqamətdə böyük işlər aparılıb və ona görə də, bu ideyanın qısa müddətdə həyata keçməsinə ümid edirəm. Dünyanın bir çox ölkələrində Milli Geyim Gününə həsr edilən festivallar və karnavallar keçirilir ki, bu da öz növbəsində turizmin inkişafına kömək edir. Sözsüz ki, bu cür bayramı Azərbaycanda da keçirmək lazımdır, çünki bu, ölkəmizə daha çox turistin cəlb edilməsinə gətirib çıxaracaq. Milli Geyim Günündə müxtəlif yarışlar, festivallar, milli geyimlərdə küçələrdə karnaval yürüşləri təşkil etmək olar".
G.Xəlilova qeyd edib ki, Azərbaycanın milli geyimləri qədim xalqımızın mədəni irsinin ayrılmaz hissəsidir: "Milli geyimlərimiz bizim iftixarımızdır, ölkəmizin tarixi mədəniyyətini, Azərbaycanın müxtəlif regionlarının xüsusiyyətlərini özündə əks etdirir. Bundan əlavə, nəzərə almaq lazımdır ki, biz 21-ci əsrdə yaşayırıq və milli geyimlərimizin stilləşdirməsinə böyük diqqət ayırmaq lazımdır ki, onları yalnız bayramlarda deyil, gündəlik həyatımızda da geyinək".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB