Bu gün "APA Holdinq"in dəstəyi ilə "TEAS Press" Nəşriyyat Evində çap olunmuş "Cəhənnəmdə böyük çığırtı" kitabının təqdimatı olub. SİA-nın verdiyi məlumata görə, kitab Lent.az informasiya agentliyinin "Əsir düşərgəsi" layihəsinin materialları əsasında tərtib olunub.
Tədbirdə çıxış edən APA informasiya agentliyinin əməkdaşı İlham Tumas son illər "APA Holdinq"in dəstəyi ilə reallaşdırılan layihələrdən söz açıb. Bildirib ki, bu layihələrin sırasında Azərbaycan həqiqətlərinin yayılması, dünyaya çatdırılması vacib məsələlərdəndir. Məhz bu səbəbdən də bu gün təqdimatı keçirilən sözügedən kitabda torpaqlarımızın işğalı nəticəsində məşəqqətli əsirlik həyatı yaşayan insanların taleyinə güzgü tutulub.
Sonra APA informasiya agentliyi tərəfindən kitabda əksini tapmış materiallar əsasında hazırlanmış qısa film nümayiş olunub.
"APA Holdinq"in prezidenti Vüsalə Mahirqızı kitabın ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirib. Bildirib ki, "Cəhənnəmdə böyük çığırtı" adlı kitaba toplanmış 8 hekayətdə erməni girovluğunda olan azərbaycanlıların üzləşdikləri işgəncə və zorakılıqlardan, yaşadıqları dəhşətlərdən bəhs edilir. Hekayələrin hər biri girov həyatı yaşamış şəxslərin öz dilindən qələmə alınıb. Kitabın çap olunmasında məqsəd Qarabağ həqiqətlərinin araşdırılması, yeni nəslə, həmçinin dünyaya çatdırılması yönündə bir addım atmaqdan ibarətdir.
Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev belə kitabların oxunmasında insandan böyük iradə tələb olunduğunu bildirib. Diqqətə çatdırıb ki, burada yazılanlar erməni vandalizminin şahidi olmuş insanların dilindən səslənir: "Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində çap olunan belə bir kitabın gələcəkdə digər dillərə tərcümə olunması vacibdir".
Qeyd edək ki, kitabın müəllifi Vüsalə Məmmədova, ideya müəllifi və redaktoru Qabil Abbasoğludur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB