MTN-nin əməkdaşı vəfat edib

Azərbaycan ədəbiyyatına ağır itki üz verib. SİA-nın verdiyi məlumata görə, tanınmış tərcüməçi, jurnalist, redaktor, Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin nəşriyyat sektorunun müdiri Tehran İmran oğlu Vəliyev ömrünün 61-ci ilində vəfat edib.

Tehran Vəliyev 1954-cü il fevralın 18-də Cəbrayıl rayonunun Mahmudlu kəndində anadan olub.

1970-ci ildə Cəbrayıl rayonu, Şükürbəyli kənd orta məktəbini bitirdikdən sonra Cəbrayıl rayonlararası kinoprokatı idarəsində fəhlə, Bakıda "Leninneft" neft-qaz çıxarma idarəsinin mənzil-kommunal kontorunda fəhlə işləmiş, 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub.

Universiteti bitirdikdən sonra 1978-80-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin "Texniki tərəqqi uğrunda" jurnalında ədəbi işçi, 1980-84-cü illərdə "Azərbaycan təbiəti" jurnalında tərcüməçi, 1984-88-ci illərdə Azərbaycan SSR "Dövlətnəşrkomu"nda böyük redaktor, 1988-89-cu illərdə "Gənclik" nəşriyyatında böyük redaktor, 1989-1992-ci illərdə Azərbaycan Ədəbi Əlaqələr və Bədii Tərcümə Mərkəzində Qərb ədəbiyyatı şöbəsinin müdiri, 1992-93-cü illərdə "Azərbaycan" qəzetində əvvəlcə şöbə müdiri, sonra isə baş redaktorun birinci müavini vəzifəsində çalışıb.

1993-cü ildən 2001-ci ilədək "Maarif" nəşriyyatının baş redaktoru, 2001-ci ildən 2006-cı ilədək Mədəniyyət Nazirliyinin Nəşriyyat şöbəsinin müdirinin müavini, 2006-cı ildən 2015-ci ilədək Mədəniyyət və Turizm Nazirliyinin əvvəlcə Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin informasiya və reklam sektorunun müdiri, daha sonra isə Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin nəşriyyat sektorunun müdiri vəzifəsini yerinə yetirib.

Bunlarla yanaşı ədəbi yaradıcılıq və bədii tərcümə ilə məşğul olmuş, ABŞ, İngiltərə, Rusiya və bir sıra digər ölkələrin yazıçılarının roman, povest və hekayələrini, həmçinin bir çox elmi, pedaqoji, hüquqi, siyasi əsərləri ingilis və rus dillərindən Azərbaycan dilinə çevirib.

Onun tərcüməsində Y.Folknerin, F.S.Fitsceraldın, S.Kinqin, S.Yillin, D.Laurensin, V.Şukşinin, V.Belovun və s. əsərləri Azərbaycan oxucuları tərəfindən rəğbətlə qarşılanıb.

Tanınmış tərcüməçi, jurnalist, redaktor və xeyirxah insan Tehran İmran oğlu Vəliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və kollektivi Tehran Vəliyevin vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə