AKB təlimlər planını təqdim edib

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Konqreslər Bürosu cari il üçün nəzərdə tutulan təlimlər planını təqdim edib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, 2015-ci il Təlimlər Planına əsasən Büronun üzvlüyündə olan mehmanxana, turizm agentlikləri və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər üçün nəzərdə tutulan təlimlər 9 müxtəlif sahəni əhatə edəcək.

Təlimlərin təşkilinin əsas məqsədi Büronun üzvlərinin fəaliyyətini gücləndirmək və iş potensialını artırmaqdır.

Büronun təlimlərinin əsas özəlliyi görüşlər sənayesinə beynəlxalq səviyyəli mütəxəssislərin cəlb olunması və Büronun üzvlərinin hədəf bazarlar haqqında daha da məlumatlandırılmasıdır.

Büro cari il üçün nəzərdə tutulan təlimlərdən ilkini mart ayının 12-də xarici ekspertin iştirakı ilə təşkil edəcək. Assosiasiya Görüşlərinin uğurlu təşkili üçün mehmanxanalar və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər arasında olan əməkdaşlığın təkmilləşdirilməsi üzrə keçiriləcək təlimi Avropa ölkələrinin birindən xüsusi dəvət edilmiş ekspert aparacaq.

Məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlərin peşəkarlığının artırılması üzrə təlim isə aprel ayının 7-də digər xarici ekspertlərin iştirakı ilə təşkil olunacaq. Bu növ təlimlər şirkət üzvlərinin peşəkarlığını və biliyini artırmaq üçün çox faydalıdır.

Azərbaycan Konqreslər Bürosu həmçinin Yaxın Şərq, Rusiya Federasiyası, Almaniya kimi müxtəlif ölkələrin bazar anlayışları üzrə də təlimlər təşkil etməyi planlaşdırır.

2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılmış, Azərbaycan Konqreslər Bürosu fəaliyyətə başladığı ilk günlərdən Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi və Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi tanınması üçün çalışır.

Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqə qurur, bazar iştirakçılarını ölkəyə cəlb etmək və Görüşlər Sənayesi bazarı iştirakçıları ilə əməkdaşlıq etmək üçün beynəlxalq konqres və seminarlarda iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə