“Qeyb olan qadın”

Martın 11-də Müasir İncəsənət Muzeyində britaniyalı rəssam Sara Nill-Consun "Qeyb olan qadın" adlı sərgisi açılacaq. Muzeydən SİA-ya verilən məlumata görə, sərgidə 100-dək rəngkarlıq əsəri, 1 səsli və 1 video installyasiya nümayiş olunacaq.

"Qeyb olan qadın" layihəsinin məqsədi Azərbaycanda müvəqqəti yaşayan əcnəbi qadınlar arasında coğrafi yerdəyişmənin təsirini öyrənmək, həmçinin yerli qadınlar arasında əcnəbi qadınların obrazı haqqında təsəvvürü müəyyən etməkdir. Belə mövzularda daha çox yolunu, məqsədini itirmək, yadlaşmaq kimi hisslər öz əksini tapır. Bəzən bu hisslər özünə qapanmağa və özünü aciz hiss etməyə səbəb olur. Lakin bütün bunlarla yanaşı, mövzularda pozitiv hisslər də yer alır. Sərbəst, məhdudiyyətlərdən kənar yaşam tərzi, ətraf aləmə qarşı maraq, ümumiyyətlə, yerli və xarici qadınlar arasında olan fərqə belə yüksək səviyyədə xoş yanaşma xüsusilə nəzərə çarpır.

İştirakçı qadınlar layihəyə qatılmağa könüllü şəkildə razılıq veriblər. Onlar yaş, ailə vəziyyəti, işləyib-işləməyib göstəriciləri əsasında seçiliblər. Sorğu 6 ay ərzində - 2013-cü ilin sentyabrından 2014-cü ilin fevral ayınadək davam edib.

Sara Nill-Consun əsərləri Böyük Britaniya, Norveç, Fransa, Anqola, Koreya Respublikası və Türkiyənin məşhur qalereyalarında, fərdi və qrup sərgilərində nümayiş etdirilib. Son dövrlərdə isə yaşadığı və işlədiyi Azərbaycanda yaradıcılıq fəaliyyətini davam etdirir.

Sara Nill-Cons 1969-cu ildə London şəhərində dünyaya gəlib. O, Şotlandiyanın Qlazqo şəhərində rəssamlıq kollecində, habelə London İncəsənət Universitetində oxuyub. Sara Nill-Cons 2010-cu ildə Kambervell İncəsənət Kollecində magistr dərəcəsi alıb.

Qeyd edək ki, Sara Nill-Consun Bakıdakı fərdi sərgisi aprelin 1-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə