Aydan Məmmədzadənin fərdi sərgisi açılıb

Aydan Məmmədzadənin fərdi sərgisi açılıb

"Qalereya 1969" sərgi salonunda 11 yaşlı rəssam Aydan Məmmədzadənin fərdi sərgisinin açılışı olub. SİA-nın verdiyi məlumata görə, sərginin açılışında Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək, ölkəmizin rəssamlıq məktəbinin yüksək nailiyyətlərindən söz açmış, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın istedadlı uşaqlara göstərdiyi böyük qayğı və dəstəyi xüsusilə vurğulayıb. Nazir müavini Aydan Məmmədzadənin rəsm əsərlərinin gözəlliyini qeyd edərək, ona seçdiyi bu sənət yolunda yaradıcılıq uğurları arzulayıb. Tədbirdə eləcə də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Xalq Rəssamı Fuad Salayev və Rəssamlar İttifaqının Katibi Xalq rəssamı Ağaəli İbrahimov çıxış ediblər.

A.Məmmədzadənin fərdi sərgisi həm də xeyriyyə aksiyası kimi nəzərdə tutulub - satılan rəsm əsərlərindən əldə olunan vəsait uşaq evlərinə veriləcək.

Yaşının az olmasına baxmayaraq Aydan Məmmədzadə artıq beynəlxalq müsabiqə laureatıdır. O, Fransanın Luvr muzeyində keçirilən 37-ci "Sumitomo life" beynəlxalq rəsm müsabiqəsində iştirak edərək gümüş medala layiq görülüb. Gənc rəssamın uğurlarında onun müəllimləri Azərbaycan rəssamlıq məktəbinin öz dəsti-xətti ilə seçilən nümayəndələri, əməkdar rəssam Əsmər Nərimanbəyova və Səfiyyə Mirbabayevanın da əməyi var.

Bütün xəbərlər Facebook səhifəmizdə