MTN müsabiqə elan edir

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"nın 2-ci bəndinə uyğun olaraq, mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2015-ci il üçün Mədəniyyət və Turizm Nazirliyi aşağıdakı müəyyən edilmiş tədbirlər üzrə müsabiqə elan edir.

1. Bakı 2015 Birinci Avropa Oyunları ərəfəsində Azərbaycan milli geyimlərinin təbliği ilə bağlı tədbir.

2. Mədəni irs və tarixi abidələrimizin təbliğatı ilə bağlı tədbir.

3. Xalq yaradıcılığının dəstəklənməsi və təbliği məqsədilə gənc aşıqlar ilə bağlı tədbir.

4. Kinematoqrafiyanın animasiya sahəsinin perspektiv inkişafının təmin edilməsi ilə bağlı tədbir.

"Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"nın 2.2-ci bəndinə uyğun olaraq, müsabiqədə iştirak etmək istəyən QHT-lər 2015-ci ilin mart ayının 01-dək ərizələrini müsabiqənin şərtlərinə uyğun aşağıdakı sənədlərlə birlikdə nazirliyə təqdim etməlidir.

1. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Müsabiqə Komissiyasının sədrinə məktub;

2. QHT-nin dövlət qeydiyyatına alınması barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

3. Tədbirin keçirilməsi nəzərdə tutulan mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili;

4. Tədbirlə bağlı qarşıya qoyulan vəzifələrin əhatə olunması və gözlənilən nəticələr barədə qısa məlumatlar;

5. Tədbirin keçiriləcəyi yer və tarix;

6. Tədbirin keçirilməsi ilə bağlı xərclər smetası (müvafiq hesablamalar və əsaslandırıcı sənədlərlə birlikdə);

7. Tədbirin təşkilatçıları və iştirakçıları ilə bağlı məlumatlar.

Bütün xəbərlər Facebook səhifəmizdə