Kulturoloq: “Əxlaq polisinə ehtiyac var” MÜNASİBƏT-FOTOLAR

Kulturoloq: “Əxlaq polisinə ehtiyac var” MÜNASİBƏT-FOTOLAR

"Son zamanlar şou-biznes nümayəndələri öz davranışları, əxlaqi mənəvi keyfiyyətləri ilə cəmiyyəti irəli aparmaq əvəzinə geriyə atır". Bunu SİA-ya açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov söyləyib.

Bildirib ki, belə hallar xüsusilə də yeni nəslin, gənclərin tərbiyəsinə mənfi təsir göstərir: "Bu cür insanlar danışıqları, davranışları ilə ictimaiyyətin qəzəbinə səbəb olan davranışlar sərgiləyirlər. Buna görə də onlar həm ictimai qınağa, həm də rəsmi qurumların təzyiqləri ilə üzləşməlidirlər. Son vaxtlar cəmiyyətimiz Avropaya inteqrasiya olunduqdan sonra intellektual səviyyəsi aşağı olan bəzi sənətçilər hərəkətləri ilə daha çox əxlaq standartlarını pozurlar. Onlar düşünürlər ki, demokratik şəraitdə yaşayırlarsa hər cür addım atmaq olar. Eyni zamanda müğənnilər bir-birilərinə qarşı yersiz davaları ilə son vaxtlar sanki həyasızlıqlarının şahidi oluruq. Bu həm ictimai, həm də dövlət qurumlarının ciddi etirazına səbəb olmalıdır. Hətta mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin bir qərarı var ki, bu tip insanlar, hətta fəxri ad almalarına baxmayaraq dövlət səviyyəsində təşkil olunan bayram və konsertlərə buraxılmasınlar. Ancaq fikirləşirəm ki, bu televiziya kanallarının rəhbərləri tərəfindən də belə əxlaqsız hərəkət edən sənətçilər cəmiyyətin mənəvi- əxlaqi dəyərlərini korlayan insanlara efir vaxtı verilməməlidir. Onlar qara siyahıya alınmalıdırlar. Bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da əxlaq polisinə ehtiyac var. Yəni əxlaq polisi bu tipli insanların hərəkətləri, danışıqlarının monitorinqini keçirib, yanlışlığa yol verənlər cəzalandırılmalıdırlar. Onlara ya böyük məbləğdə pul, ya da ictimai işlərlə bağlı cəzalar verilə bilər".

Bəstəkar Tahir Əkbər: "Əvvəllər özünü yaxşı apara bilməyən sənətçilər efirdən bir neçə ay uzaqlaşdırılırdı. Burada səhnə mədəniyyəti əsas götürülməlidir. Hazırda müğənninin geyimində müəyyən qüsur olarsa, həmin ifaçı ictimai qınağa tuş gəlir. Düşünürəm ki, hər bir insan etdiyi hərəkətə görə məsuliyyət daşımalıdır. O, davranışı, danışığı, bir sözlə bütün hərəkətlərini əvvəlcədən ölçüb-biçməlidir. Onu da deyim ki, canlı efir olduqca təhlükəlidir. Çünki hər kəs ani bir sərbəstlikdən istifadə edib hər hansı bir replika ata bilər. Buna görə də diqqətli olmaq lazımdır. Sovet dövründə bədii şura var idi ki, hər kəsin efirə çıxmasına icazə verilmirdi. Buna ciddi nəzarət olunurdu. Özünü apara bilməyən, bayağı mahnı ifa edənlərə qarşı bədii şura tərəfindən sipər çəkilirdi. İndi təəssüf ki, buna nəzarət yoxdur. Hesab edirəm ki, fəxri ad alan insan hərəkətlərinə xüsusilə diqqət yetirməlidir. Əgər dövlət həmin insanlar etimad göstərib ad verirsə, onlar da hər bir kəlməsində məsuliyyət daşımalıdır. Əgər müğənni səhv hərəkətə yol verirsə cəzasını da çəkməlidir. Belə ki, onlara bir neçə ay efirə çıxmağa qadağa qoyulmalıdır. Onu da deyim ki, hər bir insanın öz zövqü var. Araşdırılmalıdır ki, kim həmin müğənnini nə üçün qınayır. Onun qınamağa haqqı çatırmı? Düşünürəm ki, sənətçi sərbəstdir. O, davranışı, geyimi ilə digər insanlardan seçilməlidir. Ancaq unutmaq olmaz ki, hər şeyin öz çərçivəsi var və ordan kənara çıxmaq olmaz. Xalq bizə əlçatmaz zirvə kimi baxır və ixtiyarımız yoxdur ki, ağlımıza gələni danışaq".

Bütün xəbərlər Facebook səhifəmizdə