“Kinoklub”da "Qiyam" FOTOLAR

Nizami Kino Mərkəzi kafe Nizami ilə birgə "Kinoklub" layihəsi çərçivəsində film nümayişi keçirib. Mərkəzdən SİA-ya verilən məlumata görə, tədbir iştirakçıları, musiqiçi Çingiz Mustafayevin çəkdiyi Qarabağ müharibəsinin veteranı, vətənpərvər insan, Kunq-Fu ustası İlham Kəriminin həyatından bəhs edən "Qiyam" filminə baxdılar.

Kinoklubun daimi aparıcısı Zəhra Bədəlbəyli gecəni açıq elan edib.

37 dəqiqə davam edən qısametrajlı sənədli film özündə baş qəhrəman İlham Kərimlinin Kunq-Fu idman növünün sirlərinin öyrənməsini, Qarabağ müharibəsində iştirakını, Bakıda məcburi köçkün həyatının məqamlarını əks etdirib.

Qeyd etmək lazımdır ki, 120 manat büdcəsi olan filmin rejissor, operator və montaj işlərini müəllif Çingiz Mustafayev edib və gələcəkdə "Qiyam" filminin tammetrajlı versiyasını çəkmək fikrində olduğunu söyləyib.

Dəvət olunmuş qonaqlar arasında rejissor Samir Kərimoğlu, "Park Bulvar"ın PR meneceri Günay Malikqızı, müğənni Zamiq Hüseynov, aparıcılar Rüfət Nazar, Ceyhun Əli və KİV nümayəndələri filmin sonunda Çingiz Mustafayeva təşəkkürlərini və filmdən müsbət təsir aldıqlarını bildirdilər.

Qeyd edək ki, "Kinoklub" layihəsinin məqsədi –gənclərdə kinematoqrafa marağın artırılması, filmlərin müzakirəsi və tanınan rejissorlarla bərabər sənətə yeni addım atanlara dəstək olmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə