Məlahət İbrahimqızı: "Verilişlərin yayımına nəzarət edilməlidir" MÜNASİBƏT-FOTOLAR

Məlahət İbrahimqızı: "Verilişlərin yayımına nəzarət edilməlidir" MÜNASİBƏT-FOTOLAR

"Televiziyalarda nümayiş olunan bəzi səviyyəsiz, insan zövqünü korlayan şou-proqramların qarşısı alınmalıdır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı söyləyib.

Bildirib ki, bu sahədə senzura olmasa da onunla bağlı müəyyən qurumlar mövcuddur: "Hesab edirəm ki, cəmiyyətin etiraz etdiyi və qıcıq yaradan verilişlərin yayımına nəzarət edilməlidir. Biz hər zaman haqlı etirazlarımızı bildirməliyik. Çalışmaq lazımdır ki, Azərbaycan xalqının milli-mənəvi dəyərləri aşılayan proqramlar nümayiş olunsun. Düşünürəm ki, hər şeyi pulla almaq olmaz. Milli dəyərləri əsrlər boyu ulu babalarımızın qoruyub-saxlayıb bizə miras qoyduğu strateji sərvətdir. Ona görə də buna hər zaman etirazımızı bildirməliyik. Cəmiyyətimizin aparıcı ziyalıları, eyni zamanda da bu qurumlara nəzarət edən orqanlar sözügedən məsələyə ciddi baxmalıdır. Ancaq çox təəssüf ki, bunla bağlı hələ də ortada heç bir müsbət nəticə yoxdur. Yenə də həmin proqramlar, yenə də bayağı, şit milli dəyərlərimizi pozan verilişlərin yayımı davam etdirilir"

Yazıçı-kulturoloq Aydın Xan Əbilov: "Bütün dünyada olduğu kimi, Azərbaycanda da televiziya ilk növbədə maarifləndirici funksiyanı yerinə yetirir. Televiziyalarla əlaqədar olar dünyanın bir çox yerində qanunvericilik aktları qəbul olunub. Televiziyaların əsas vəzifəsi tamaşaçını bilgiləndirməkdən ibarətdir. Bir çox özəl kanallarda maarifləndirici verilişlərdən çox bayağı şoulara üstünlük verilir. Cəmiyyət də artıq bundan yorulub. Müğənnilərin bir-birinə atmacaları, hətta təhqir etmələri insanlarda qıcıq yaradır. Həmçinin Maral Tahirqızının televiziyaya çıxarılması faktına da toxunmaq istəyirəm. Bildiyiniz kimi sözügedən xanımın adı qadın alverində də hallanır. Hətta onunla əlaqədar cinayət işi də qaldırılıb və məhkəməyə verilib. Əlbəttə ki, məhkəmənin hökmü olmamış Maralı və ya digərlərini ittiham etmək istəmirəm. Ancaq hər halda fakt özü-özlüyündə qalır, telekanallarda baş verən hadisələrin bir növ əksini görür. Təəssüflər olsun ki, bəzi kanallar yalnız bayağı şou verilişləri təqdim etməklə yanaşı, həm də dərman və özəl klinikaların reklamlarını da edirlər. Onu da deyim ki, bu yaxınlarda cənab prezident İlham Əliyevin Milli Teleradio Şurasının səlahiyyətlərinin artırılması ilə bağlı göstəriş verib. İnanıram ki, Teleradio Şurası qonşu Rusiya və Türkiyədə olduğu kimi kanallarda mənfi halları aradan qaldırmaq üçün qadağalara və məhkəmələrə müraciət etməyin sayını artırar. Hətta şou proqramlara səviyyəsiz, danışığını bilməyən insanları çıxarırlar. Biz tamaşaçılar da canlı efirdə söyüşün, təhqirin və alçaldıcı fikirlərin şahidi oluruq. Ümid edirəm ki, qınaqlar müəyyən mənada öz təsirini göstərəcək və izləyicilərə səviyyəli verilişlər təqdim ediləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə