“Həyatla oyun”

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "Sağlam həyat tərzi" layihəsi çərçivəsində Bakı Uşaq Teatrının "Həyatla oyun" tamaşası Bakının 11 rayonunda nümayiş olunacaq. SİA-nın verdiyi məlumata görə, bu dəfəki turun ilk tamaşası Suraxanı rayonunda nümayiş olunub.

Q.Abbasov adına Mədəniyyət Sarayı ilə Bakı Uşaq Teatrının təşkil etdiyi tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndələri çıxış edib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə Arzu Soltanın qələmə aldığı İntiqam Soltanın quruluş verdiyi "Həyatla oyun" tamaşasında hadisələr real həyatdan götürülüb.

Hadisələr əsasən bir qrup tələbələr arasında cərəyan edir. Universitet tələbəsi olan Duman narkotika aludəçisidir. Atası tərəfindən atılmış Nicat problemlərini unutmaq üçün dostu Dumanın məsləhəti ilə narkotikadan istifadəyə başlayır. Getdikcə onun vəziyyəti ağırlaşır. Oğlunun narkoman olduğunu öyrənən Nicatın anası infarkt keçirir. Universitetdə təlimçi tərəfindən Narkomaniya və QİÇS haqqında maarifləndirilən tələbələr Spiddən analiz verməyi qərara alırlar. Analizin cavabları alındıqdan sonra Nicatın QİÇS-ə yoluxduğu məlum olur.

Bütün bu hadisələrin mərkəzində dayanan Dumanın narkoman olmasına səbəb isə uşaqlıqdan valideynləri tərəfindən düzgün başa düşülməməsi, bu haqda maarifləndirilməməsidir. Valideynlərinin yanlış münasibəti isə Dumanın pis yola düşməsinə təkan verir.

Qeyd edək ki, tamaşa yeniyetmələr və böyüklər üçün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə