Beynəlxalq Muğam Mərkəzində milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, xalq artisti, Prezident təqaüdçüsü, "İstiqlal" ordenli muğam ustadı Əlibaba Məmmədovun 85 illik yubileyi münasibətilə "Unudulmaz nəğmələrin gecəsi" adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, gecədə tanınmış mədəniyyət və incəsənət xadimləri, yubilyarın şagirdləri iştirak ediblər.
Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək Əlibaba Məmmədovun bənzərsiz fəaliyyətindən danışıb.
Ə. Məmmədovun ifasında lentə alınmış "Bayatı-Şiraz", "Çahargah", "Dəşti", "Rahab", "Şur" kimi muğamlar və onlarca başqa xalq mahnıları, təsniflər radionun "qızıl fond"unda saxlanılır.
Əlibaba Məmmədov xanəndələrin repertuarından bu gün də düşməyən 100-dən çox mahnı və təsnif yaradıb. O, uzun illərdir ki, gənc nəslə muğam və xalq mahnılarımızın incəliklərini məhəbbətlə öyrədir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə sənətkarın 85 illik yubileyi münasibətilə xanəndənin həyat və yaradıcılığına həsr olunmuş yeni musiqi albomu nəşr edilib.
Gecədə gənc xanəndələrin ifasında Əlibaba Məmmədovun müəllifi olduğu mahnılar səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB