Berlin filarmoniyasının möhtəşəm zalında tanınmış professor Zaxar Bronun tələbələri, gənc skripka ifaçılarının konserti keçirilib. SİA-nın verdiyi məlumata görə, konsertdə XXI əsrin gələcək virtuozları adlandırılan 4 skripka ifaçısı - Yaponiyadan Mone Xattori, Amerikadan Elli Çoi, Yamaykadan Elinor D'melon, Azərbaycandan isə Elvin Qəniyev iştirak edib. Azərbaycanlı virtuoz, gənc skripka ifaçısı Elvin Qəniyev ifası ilə hamını valeh edib.
Məlumat üçün bildiririk ki, Elvin Qəniyev Ankarada anadan olub. O, Bilkent Universiteti Musiqi Hazırlığı İbtidai Məktəbini birinciliklə bitirmiş, hazırda isə İspaniyanın Kraliça Sofiya adına Madrid Ali Musiqi Məktəbində təhsil alır.
Elvin Qəniyev onlarla beynəlxalq festival və müsabiqədə, Azərbaycanda və xarici ölkələrdə keçirilən yüksək səviyyəli tədbirlərdə uğurla çıxış edib. O, K. Lipinski və Q. Venyavski adına Gənc Skripkaçıların XI Beynəlxalq Müsabiqəsinin (Polşa), "Klassik irs" (Rusiya), P.İ.Çaykovski adına Gənc Musiqiçilərin Beynəlxalq Müsabiqəsi (İsveçrə) və "Madrid gecələri" (İspaniya) adlı beynəlxalq müsabiqələrin laureatıdır.
2008-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə Elvin Qəniyevin adı Gənc İstedadların Qızıl Kitabına yazılıb və o, Prezident təqaüdünə layiq görülüb.
2010-cu ildə İtaliyada keçirilmiş gənc musiqiçilərin beynəlxalq müsabiqəsində qələbəsindən sonra Elvin Qəniyev Roma Papası tərəfindən Ordenlə təltif olunub.
Qeyd edək ki, Elvin Qəniyev cari ilin aprel ayında Berlin Filarmoniyasında keçiriləcək N.Paqanininin konsertində Vadim Repin və İvri Gitlis ilə eyni səhnəni paylaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB