Universitetin ilk elmi şurasının iclası keçirilib

Universitetin ilk elmi şurasının iclası keçirilib

Bu gün Bakı Turizm Peşə Məktəbinin akt zalında Azərbaycan Turizm və Menecment Universitetinin ilk elmi şurasının geniş tərkibli iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, iclasda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin məsul əməkdaşları, Turizm və Menecment Universitetinin, Bakı Turizm Peşə Məktəbinin müəllim heyətinin, tələbə təşkilatlarının nümayəndələri, ölkənin turizm sektorunun təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, professor Cəfər Cəfərov geniş hesabatla çıxış edərək 2006-cı ildə Azərbaycan Turizm İnstitutu kimi fəaliyyətə başlayan ali məktəbdə tədrisin təşkili, 2006-2014-cü illərdə əldə olunan nəticələr, bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil barədə danışıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 22 dekabr 2014-cü il tarixli sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında Azərbaycan Turizm və Menecment Universiteti yaradılıb. Rektor ATMU-nun qarşısında duran vəzifələrdən, təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən söz açıb.

İclasda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, ötən ilin dekabrında ölkə Prezidenti Mədəniyyət və Turizm Nazirliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı mühüm sərəncamlar imzalayıb. Bunlardan biri də Azərbaycan Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Turizm və Menecment Universitetinin yaradılmasıdır. Nazir qeyd edib ki, universitetin yaradılması ilə ölkədə turizm sahəsində kadr hazırlığı daha da gücləndiriləcək və bu da turizm sahəsinin sürətli inkişafına təkan verəcək.

Nazir çıxışında qarşıdakı illərdə universitetdən gözləntilərini də diqqətə çatdırıb və bunun üçün bu ali təhsil ocağı kollektivinin daha çox çalışmalı olduğunu deyib.

Elmi şuranın iclası cari məsələlərin müzakirəsi ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə