Əbülfəs Qarayev ukraynalı yazıçılarla görüşüb

Əbülfəs Qarayev ukraynalı yazıçılarla görüşüb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin dəvəti ilə "Azərbaycan-Ukrayna Ədəbi Görüşləri" çərçivəsində ölkəmizdə səfərdə olan Ukrayna yazıçıları ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qonaqları salamlayan nazir ölkələrimiz arasında ədəbi və mədəni əlaqələrin inkişafından söz açıb. Bildirib ki, hər zaman inkişafda olan ədəbi, mədəni əlaqələr dövlətlər arasında əməkdaşlığa xidmət edir. Son dövrdə Azərbaycanda mədəniyyət və ədəbiyyat sahəsində baş verən mühüm hadisələr, inşa edilən mədəniyyət mərkəzləri haqqında qonaqlara məlumat verən nazir onları bütün bu yeniliklərlə, paytaxtlımızın tarixi-mədəni abidələri ilə tanış olmağa dəvət edib.

Əbülfəs Qarayev ölkələrimiz arasında mədəni əlaqələrin müasir şəraitə uyğun yeni tendensiyalarla qurulmasının tərəfdarı olduğunu nəzərə çatdırıb. Qarşılıqlı mədəniyyət günlərinin təşkili, poeziya, elm və sənət adamlarının təcrübə mübadilələrinin vacibliyini vurğulayıb.

Ukrayna Ali Radasının deputatı Sergey Taruta səmimi qəbula görə nazirə təşəkkürünü bildirib. O, qarşılıqlı əlaqələrin intensiv inkişafı üçün daha səmərəli metodlardan istifadənin əhəmiyyətindən bəhs edib. Ukraynanın slavyan xalqlarının həyatında, mədəniyyətində, ədəbiyyatında rolundan danışan qonaq Azərbaycan-Ukrayna mədəni, ədəbi əlaqələrinin daha da genişləndirilməsinin zəruriliyini qeyd edib.

Görüşdə Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko, Ukrayna Ali Radasının deputatı Mariya Matios, "Vsesvit" jurnalının baş redaktoru Dmitro Drozdovski, Ukrayna Yazıçılar Birliyinin katibi Lesya Mudrak, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru Səlim Babullaoğlu iştirak edirdi.

Sonda Nazir Əbülfəs Qarayev yazıçıların bir qismini Azərbaycan Ukrayna ədəbi əlaqələrinə verdikləri töhfəyə görə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq diplomu ilə təltif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə