Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri dahi bəstəkar, görkəmli mədəniyyət xadimi, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin anadan olmasının 97 illiyi münasibətilə onun Fəxri Xiyabandakı məzarını ziyarət ediblər. Tədbir iştirakçıları müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin də xatirəsini ehtiramla yad edib, abidəsi önünə çiçəklər qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə güllər düzülüb.
Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqında dahi bəstəkar Qara Qarayevin anadan olmasının 97-ci ildönümü münasibətilə konfrans keçirilib.
Konfransda Bəstəkarlar İttifaqının katibləri Zemfira Qafarova və Sərdar Fərəcov dahi bəstəkarın Azərbaycan musiqisinin inkişafında böyük xidmətlərindən danışıblar.
Qara Qarayevin tələbələri Sevda İbrahimova, Nərgiz Şəfiyeva, Tofiq Bakıxanov, Azər Dadaşov və digərləri müəllimləri ilə bağlı xatirələrini bölüşüb, onun insani keyfiyyətlərindən və pedaqoq kimi fəaliyyətindən söhbət açıblar. Həmçinin Qara Qarayevə həsr etdikləri musiqilər barədə məlumat veriblər.
Bildirilib ki, təvazökar, tələbkar, hər zaman axtarışda olan dahi bəstəkar Q.Qarayevin yaradıcılığı, dünyagörüşü musiqiçilər üçün örnəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB