Polad Bülbüloğlunun 70 illik yubileyi qeyd edilib FOTOLAR

Polad Bülbüloğlunun 70 illik yubileyi qeyd edilib FOTOLAR

Heydər Əliyev Sarayında Azərbaycanın xalq artisti Polad Bülbüloğlunun 70 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, yubiley tədbirində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Yubiley gecəsinə, həmçinin SSRİ xalq artisti İosif Kobzon, Rusiyanın əməkdar artisti Bari Alibasov, bəstəkar, SSRİ xalq artisti Yevgeni Doqa, Rusiyanın xalq artisti Lyudmila Rümina, Tacikistanın xalq artisti Curabek Murodov, SSRİ Dövlət mükafatı laureatı Andrey Dementyev və digər görkəmli qonaqlar qatılıblar.

Mərasim iştirakçıları əvvəlcə sarayın foyesində yubilyarın həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.

Tədbir Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında məşhur "Dolalay" mahnısının musiqisinə yazılmış orkestr üçün pyesin səslənməsi ilə başlayıb.

Daha sonra səhnəyə çıxan Polad Bülbüloğlu özünün məşhur "Azərbaycan" mahnısını ifa edib. Yubilyar mənsub olduğu nəslin bütün sahələrdə dəstəklənməsində ulu öndər Heydər Əliyevin böyük diqqət və qayğısından söz açıb.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Prezident Vladimir Putinin müvafiq Fərmanı ilə Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlunun Rusiya Federasiyası ilə dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə, iqtisadi, mədəni əlaqələrin inkişafına böyük töhfəsinə görə "Şərəf" ordeni ilə təltif edildiyini bildirib.

Belarusun Azərbaycandakı səfiri Nikolay Pastkeviç Prezident Aleksandr Lukaşenkonun yubilyara təbrik məktubunu oxuyub..

Mərasimdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin, Moskva şəhərinin meri Sergey Sobyaninin, Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanovun yubilyara təbrikləri çatdırılıb.

Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi nazirinin müavini Levan Xaratişvili də Polad Bülbüloğlunu təbrik edib.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov Polad Bülbüloğlu yaradıcılığının türkdilli ölkələrdə də böyük maraqla qarşılandığını bildirib. Türk dünyasının görkəmli sənətçiləri adından yubilyarı təbrik edən baş katib rəhbərlik etdiyi qurumun daimi şurası tərəfindən yeni təsis olunmuş mükafatı - "Türk dünyası sənətçisi qızıl medalı"nı ilk olaraq yubilyara verib.

Moskva Dövlət Humanitar İqtisad Universitetinin rektoru Vaqif Bayramov Polad Bülbüloğlunu təbrik edərək onun universitetin fəxri professoru adına layiq görüldüyünü bildirib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar və başqaları yubilyara ən xoş arzularını çatdırıblar.

Çıxışlarda Polad Bülbüloğlunun yaradıcılığından geniş söhbət açılıb. Bildirilib ki, geniş yaradıcılıq diapazonuna malik olan bəstəkar kimi o, öz istedadını musiqinin müxtəlif janrlarında sınayıb, balet, müzikl, instrumental, vokal, simfonik, kamera əsərləri, kinofilmlərə, dram tamaşalarına musiqi, mahnı və romanslar yazıb.

Gecədə Polad Bülbüloğlunun 12 yaşlı nəvəsi Murtuza Bülbül də dirijorluq edib. Nəvəsini səhnədə görən Polad Bülbüloğlu həm sevinib, həm də kövrəlib.

Yubiley gecəsi Polad Bülbüloğlunun ifasında özünün və atası, görkəmli Azərbaycan müğənnisi Bülbülün repertuarından musiqi əsərlərinin səslənməsi ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə