“Eşq və Ölüm” baleti təqdim edilib

“Eşq və Ölüm” baleti təqdim edilib

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında xalq artisti Polad Bülbüloğlunun 70 illik yubileyi münasibətilə müəllifi olduğu "Eşq və Ölüm" baletinin yeni quruluşda təqdimatı olub. SİA-nın verdiyi məlumata görə, premyerada dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, həmçinin müəllifin yubiley tədbirinə qatılmaq üçün paytaxtımıza gələn xarici qonaqlar iştirak ediblər.

"Eşq və Ölüm" baletinə Rusiyanın əməkdar incəsənət xadimi, baletmeyster Nadejda Malıgina yeni quruluş verib. Tamaşanın quruluşçu rəssamı isə tanınmış rusiyalı rəssam Dmitri Çerbadjidir. Baleti Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərov idarə edib.

Baletin süjet xətti belədir. Azər və Baycan bir-birini sevir, amma Yalıncıq da qıza biganə deyil. Oğlanlar qızın sevgisi uğrunda döyüşürlər. Baycan Azəri seçir. Çünki Azər və Baycan birlikdə Azərbaycan olur. Amma onların səadəti çox sürmür. Ölkəyə yağılar saldırır və nakam sevgi Yalıncığı xəyanətə sürükləyir. Azər və Baycan əsir düşürlər və ən sonda ölürlər. Baletin ən yaddaqalan surətlərindən biri də qara geyimli və ağ sifətli Ölümdür.

"Eşq və Ölüm" baleti bir tərəfdən milli məzmun daşısa da, digər tərəfdən əsl sənət sərhəd tanımadığı kimi dünyəvi xarakter daşıyır. "Eşq və Ölüm" baleti həyat və ölüm, məhəbbət və nifrət, dostluq və xəyanət kimi əbədi mövzulara toxunur.

Tamaşada baş rolları xalq artistləri Kamilla Hüseynova (Baycan) və Gülağası Mirzəyev (Azər) oynayıblar.

Ötən müddət ərzində bu balet Yekaterinburq Dövlət Opera və Balet Teatrında, Rusiya Akademik Böyük Teatrında və Türkiyənin paytaxtı Ankarada nümayiş edilib.

Baletdəki ən oynaq və uğurlu musiqi parçaları hər il Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestrinin ifasında Almaniyada keçirilən Qut-İmmlinq Opera sənəti festivalında səslənir və almaniyalı musiqisevərlər tərəfindən maraqla qarşılanır.

Qeyd edək ki, yeni quruluşda təqdim edilən balet bir daha dinləyicilərin diqqətini cəlb edib və alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə