Bu gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə 2 Fevral - Gənclər Günü münasibəti ilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, Gənclər Fondunun sədri Fərhad Hacıyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, media nümayəndələri və başqaları iştirak ediblər.
Tədbiri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov açaraq başqa ölkələrlə müqayisədə Azərbaycanda "Gənclər Günü" daha yüksək səviyyədə qeyd edildiyini bildirib: "Bu, Azərbaycan gəncliyinə qayğının təzahürüdür. Ulu Öndər Heydər Əliyevin yaratdığı ilk nazirlik Gənclər və İdman Nazirliyi olub. Sonrakı dövrdə gənclər siyasəti ilə bağlı fərman imzalanıb, Gənclər Günü təsis edilib".
Gənclər Fondunun sədri Fərhad Hacıyev Azərbaycanda gənclər siyasəti dövlətin əsas prioriteti olduğunu söyləyib: "Azərbaycan gəncliyi heç vaxt dövlətindən, mədəniyyətindən, tarixindən imtina edə bilməz. Gənclər hər zaman dövlətimizin, mədəniyyətimizin inkişafına çalışmalıdır. Bu gün Gənclər Günü Azərbaycanın hər bölgəsində qeyd edilir".
Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizin gənclərə olan qayğısının daha da artdığını diqqətə çatdırıb. "Prezident İlham Əliyev, həmçinin bu il Azərbaycan gəncliyinin perspektiv inkişafı baxımından strateji əhəmiyyət kəsb edən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında sərəncam imzaladı. Bu da göstərir ki, dövlət hər zaman gənclərə investisiya qoyur".
Qeyd edək ki, sonda tədbir konsert proqramı ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB