Beynəlxalq kollekvium işini davam etdirir

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə "Kitabi-Dədə Qorqud" və Fridrix fon Dits - 200" beynəlxalq kollokviumu işini davam etdirir. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev bildirib ki, kollokviumda "Kitabi-Dədə Qorqud" dastanının təbliği məqsədi ilə cari ildə keçirilməsi planlaşdırılan geniş tədbirlər planının müzakirəsi nəzərdə tutulur: ""Kitabi-Dədə Qorqud" dastanının həm daxildə, həm də xaricdə hərtərəfli tanıdılması məqsədilə elm adamlarının verdikləri təkliflər əsasında hazırlanan proqram Kollekviumun əsas müzakirə mövzusudur. 50-dən çox yeri və xarici elm adamlarının, mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən Beynəlxalq Kollekviumda "Kitabi-Dədə Qorqud" dastanının araşdırılması və ilboyu təbliğatının aparılmasının konkret proqramı müəyyənləşdiriləcək, Kollekvium üzvlərinin ümumi rəyi əsasında qərar qəbul olunacaq".

K.Abdullayev qeyd edib ki, "Kitabi-Dədə Qorqud" dastanının dünyaya tanıdılması Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, multikultural durumunun beynəlxalq aləmdə təqdim formalarından biridir."Kitabi-Dədə Qorqud" dastanının hərtərəfli tanıdılması məqsədi ilə elm adamlarının verdikləri təkliflər əsasında hazırlanan proqram kollokviumun əsas müzakirə mövzusu olacaq.

Tədbirdə bildirilib ki, "Kitabi-Dədə Qorqud" dastanı Azərbaycan xalqının tarixi keçmişini əks etdirən möhtəşəm sənət abidəsidir. Əsərdə vətənpərvərlik, qəhrəmanlıq, müdriklik, oğuz türklərinin dünyagörüşü, mənəvi dəyərləri, adət-ənənələri, Azərbaycan toponimləri əks olunub. Dastan dilimizin incəliklərini, tarixi hadisələri və şəxsiyyətləri, xalqımızın mədəniyyətini öyrənməkdə əvəzsiz mənbədir. "Kitabi-Dədə Qorqud" həm də dünyada dastan mədəniyyətinin zirvəsidir. Bu dastan türk təfəkkürünün dünyaya bəxş etdiyi unikal ədəbi abidədir.

Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, professor Zümrüd Quluzadə, türkiyəli professorlar Mustafa Kaçalin, Hayati Dəvəli, Fikrət Türkmən, Qazaxıstandakı Beynəlxalq Türkoloji Mərkəzin prezidenti, professor Erden Kajıbek, İtaliyanın Sandro Teti nəşriyyat evinin rəhbəri Sandro Teti, Tbilisi Dövlət Universitetinin professoru David Qotsiridze və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, tədbir "Kitabi-Dədə Qorqud"un alman diplomatı və şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə çevrilərək dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümünə həsr olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə