Leyla Bədirbəylinin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Leyla Bədirbəylinin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Bu gün Binəqədi Mərkəzi Mədəniyyət evində Azərbaycanın görkəmli teatr xadimi, dövlət mükafatı laureatı, xalq artisti Leyla Bədirbəylinin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən SİA-ya verilən məlumata görə, tədbirdə ilk öncə "Arşın mal alan" filmindən fraqment nümayiş olunub.

Sonra tədbirin aparıcısı, teatrşünas Çingiz Ələsgərli qonaqları salamlayaraq, xalq artisti Leyla Bədirbəylinin həyat və yaradıcılığından, onun Azərbaycan mədəniyyətinə və incəsənətinə verdiyi töhfələrdən danışıb.

Tədbirdə çıxış edən əməkdar incəsənət xadimi, xalq artisti Ağakişi Kazımov, Azərbaycanın əməkdar artisti, kinorejissor Elxan Qasımov, xalq artisti Məleykə Əsədova və aktyor İftixar Piriyev də Azərbaycan milli teatrının və kinosunun inkişafında əvəzsiz xidmətləri olan aktrisa ilə bağlı xatirələrindən danışıblar.

Həmçinin tədbirdə Binəqədi Mərkəzi Mədəniyyət evinin rəqs kollektivi "Arşın mal alan" filmindən "Qızların rəqsi"ni ifa etdilər. "Qönçə" instrumental ansamblının solistləri Turanə Babayeva ,G.Mərdiyeva, Xəyal Hüseynov ,Novruz Cəfərzadə bir-birindən maraqlı ifaları ilə çıxış etdilər.

Əməkdar incəsənət xadimi, rejissor Məhərrəm Bədirzadə aktrisanın Azərbaycan radiosu və televiziyasında iştirak etdiyi tamaşa və verilişlərdən söz açıb.

Xalq artisti Rafiq Əzimov aktrisanın teatr fəaliyyətindən danışaraq bildirdi ki, teatr tamaşalarında əsas rolların ifaçısı olan L.Bədirbəyli Cəfər Cabbarlının qəhrəmanlarından Almazı ("Almaz"), Firəngizi ("Oqtay Eloğlu"), Səməd Vurğunun mənzum dramlarında Gülnarı və Xuramanı ("Vaqif"), Şekspirin əsərlərində Oliviyanı ("On ikinci gecə"), Dezdemonanı ("Otello"), Bernard Şounun qəhrəmanlarından Cuditi ("Şeytanın şagirdi"), Lev Tolstoyun surətlərindən Lizarı ("Canlı meyit") kimi obrazları oynayıb. Onun böyük məharətlə yaratdığı obrazlar kinomuzda yaşamaqda, teatrımızda xatırlanmaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə