Vaqif Səmədoğlu ilə vida mərasimi keçirilib

Vaqif Səmədoğlu ilə vida mərasimi keçirilib

Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq şairi Vaqif Səmədoğlu ilə vida mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, vida mərasimində mərhumun qohumları, tanınmış ictimai-siyasi xadimlər, yazıçılar, şairlər, aktyorlar iştirak ediblər.

Xalq şairləri Söhrab Tahir, Nəriman Həsənzadə, millət vəkilləri Nizami Cəfərov, Sabir Rüstəmxanlı, aktyorlar Vaqif Səmədoğlunun vəfatının Azərbaycan ədəbiyyatı üçün böyük itki olduğunu diqqətə çatdırıblar. Natiqlər xalq şairi ilə bağlı xatirələrini bölüşüblər.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında ən yaxın dostu Vaqif Səmədoğlunu itirdiyini bildirib.

Mərasimdə dövlət müşaviri Kamal Abdulla, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, millət vəkili Nizami Cəfərov, xalq şairi Nəriman Həsənzadə çıxışlarında Vaqif Səmədoğlu haqda danışıblar.

Nəzərinizə çatdıraq ki, Vaqif Səmədoğlu I Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq şairi Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-də ömrünün 76-cı ilində vəfat edib.

Vaqif Səmədoğlu 1939-cu il iyun ayının 5-də Bakı şəhərində anadan olub. O, 1956-cı ildə Bülbül adına musiqi məktəbini bitirərək Azərbaycan Dövlət Konservatoriyasında fortepiano ixtisası üzrə ali təhsil alıb, sonralar Moskvada Çaykovski adına Konservatoriyada ixtisas kursu keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə