Bu ilin yanvar ayında Fransanın tanınmış "Utopik" ansamblı məşhur "Dünya xalqlarının mahnıları" silsiləsindən yeni bir layihəni həyat keçiriblər. SİA-nın verdiyi məlumata görə, bu dəfə "Utopik" öz layihəsinə iki fransız, bir meksikalı bəstəkarlarla yanaşı Firəngiz Əlizadəni də cəlb edib.
F.Əlizadə "Bu dağda maral gəzər" xalq mahnısını sözügedən layihə üçün yeni aspektdə təqdim edib. Soprano və 10 nəfərlik ansambl üçün yazılan kompozisiya, fortepianonun virtuoz kadensiyası və dramatik kulminasiyası ilə məşhur mahnının sətiraltı məzmununa əlavə çalarlar qatır. Layihənin solisti lüksemburqlu müğənni Laura Delkampe "Utopik"in 4 yeni mahnısı ilə yanaşı L. Berionun silsiləsindən 3 mahnını da ifa edib.
Ansamblın konsertləri Fransanın Marsel, Lion və Nant Konservatoriyalarında baş tutub.
Konsertlərdən öncə bəstəkarların tələbələrlə görüşləri, həmçinin ustad-dərsləri təşkil edilib.
"Utopik" ansamblının yekun konserti isə Nant şəhərinin dəbdəbəli daxili görünüşü fərqlənən və gözəl freskaları ilə məşhur olan əzəmətli "Graslin" Opera Teatrında keçirilib. Vaxtilə bu bina fransızların işğalı zamanı böyük zərər çəkmiş, lakin sonradan imperator Napolionun göstərişi ilə yenidən bərpa edilib.
Qeyd edək ki, sözü gedən konsert salonunda "Dünya xalqlarının mahnıları" layihəsindən başqa Firəngiz Əlizadənin "Yapon poeziyasından" vokal-silsilə, həmçinin "Habilsayağı" və "Oyan!" əsəri ansamblın solistlərinin ifasında səsləndirilmişdir.
Beləliklə, "Dünya xalqlarının mahnıları" layihəsi vasitəsilə Azərbaycan musiqisinin "ətri"Fransanın üç böyük şəhərində fransız musiqisevərlərin ürəyinə yol tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB