MTN “FİTUR 2015” beynəlxalq turizm sərgisində öz işinə başlayıb
28 yanvar - 01 fevral tarixlərində İspaniyanın Madrid şəhərində keçirilən "FİTUR 2015" beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, həmin sektorun baş məsləhətçisi Leyla Verdiyeva, 6 yerli turizm şirkəti (Improtex travel, ENC Tours, Delta Group, Geo-travel, Atropatena travel, Regea travel) və 1 mehmanxana (Rigs hotel) nümayəndələrindən ibarət heyət təmsil olunur. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu sərgidə Azərbaycanın turizm potensialını özündə birləşdirən 30 kv.m-lik stend hazırlanıb və sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və ispan dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunub.
Nəzərinizə çatdıraq ki, sərginin açılışında iştirak edən Azərbaycan Respublikasının İspaniya Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri Altay Əfəndiyev Azərbaycan stendini ziyarət etmiş, yerli turizm şirkətləri və mehmanxanaların nümayəndələri ilə görüşmüş və sərginin işində uğurlar arzulayıb. Həmçinin sərginin ilk günü yerli turizm şirkətləri ilə İspaniyanın aparıcı turizm şirkətləri arasında işçi görüşü (work shop) keçiriləcək.
Qeyd edək ki, 2007-ci ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq altıncı dəfədir ki, "FİTUR" beynəlxalq turizm sərgisində iştirak edir, həmçinin, bu il adıçəkilən tədbirdə ölkəmiz ilə yanaşı, 165 ölkədən 9000-ə yaxın şirkət təmsil olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB