Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Bakı I Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) bilet satışı üzrə məsul şəxsi Miryam Bogataj arasında görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüş zamanı bir sıra mühüm məsələlər müzakirə olunub. Belə ki, Avropa Oyunları üçün turizm şirkətləri vasitəsilə bilet satışının həyata keçirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm şirkətləri və BAOƏK arasında dəyirmi masa təşkil edilməsi barədə fikir mübadiləsi aparılıb. Həmçinin, bu görüşdə şirkətlər tərəfindən ekskursiyaların aparılması da müzakirə olunub.
Bununla yanaşı, BAOƏK tərəfindən bilet satışı ilə bağlı yaradılmış yeni sayt Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq edən CNN, Euronews və digər xarici televiziya kanalları vasitəsilə reklam olunacaq.
Görüş zamanı Mədəniyyət və Turizm Nazirliyinin iştirak etdiyi beynəlxalq turizm sərgilərində BAOƏK tərəfindən bilet satışının həyata keçirilməsi üçün müvafiq lövhənin quraşdırılması ilə bağlı təklif irəli sürülüb.
Sonda BAOƏK tərəfindən Bakıda quraşdırılacaq İnformasiya məntəqələrində turizm xarakterli məlumatların da yer alması müzakirə olunub.
Qeyd edək ki, hal-hazırda Bakı şəhəri Üzeyir Hacıbəyov küçəsində, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, Qala Qoruğunda və İçərişəhər Tarix Memarlıq Qoruğunda turizm informasiya mərkəzləri mövcuddur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB