Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Konqreslər Bürosu CONVENTA 2015 beynəlxalq işgüzar turizm sərgisində ilk dəfə olaraq ölkəmizi uğurla təmsil edib. SİA-nın verdiyi məlumata görə, büro cari ilin 21-22 yanvar tarixlərində Sloveniyanın Lyublyana şəhərində baş tutan CONVENTA 2015 sərgisində ölkəmizin biznes turizm potensialını yüksək səviyyədə təmsil etmək məqsədilə xüsusi stend ilə iştirak edib.
Sərgi çərçivəsində Büro korporativ və təşviqat görüşləri sahəsini təmsil edən alıcılarla 30-dan çox üz-üzə görüş keçirib. Qeyd etmək gərəkdir ki, tədbir zamanı Azərbaycanın turizm sahəsinə ən çox Rusiya, Polşa, Çexiya, Britaniya və Almaniya kimi ölkələrin təmsilçiləri maraq göstərib.
Dünyanın 50-dən çox ölkəsinin turizm sahəsini təmsil edən şirkət və təşkilatları bir araya gətirən CONVENTA beynəlxalq işgüzar turizm sərgisi xüsusən Cənubi və Şərqi Avropa ölkələrinə istiqamətlənir. Sözügedən sərgi hər il Türkiyə, Avstriya, İtaliya, Sloveniya, Xorvatiya, Serbiya, Monteneqro, Makedoniya, Bosniya və Hersoqovina, Rumıniya və Macarıstan kimi ölkələrdən 120-dən çox yüksək peşəkar alıcıları cəlb edir.
CONVENTA beynəlxalq sərgisinin iş prinsipi, məlumat alınması və qarşılıqlı əməkdaşlıq üzrə platformaların təşkili kimi vacib məsələlərdə üz-üzə biznes görüşlərinin daha effektiv olmasına əsaslanır.
CONVENTA turizm sahəsində çalışan şirkət və təşkilatlara fəaliyyətlərinə dəyər qatacaq əlaqələri təmin edə biləcək biznes şəbəkəsi təqdim edir. Sərgi eyni zamanda görüşlərin idarəsi və məkanların marketinqi kimi müxtəlif mövzularda dərin bilik əldə etmək imkanları və ən yaxşı təcrübə nümunələri təklif edir.
2013-cü ilin sonlarından fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun fəaliyyət sahəsinə məhz Azərbaycana irimiqyaslı beynəlxalq tədbirləri cəlb etmək, ölkənin beynəlxalq səviyyəli təyinat məkanı kimi təbliğ etmək və konfrans təşkili sahəsini inkişaf etdirməklə ölkə iqtisadiyyatının mühüm elementi kimi təşviq etmək daxildir.
Azərbaycanı inkişaf edən biznes turizm məkanı kimi təbliğ etmək məqsədilə, Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqə qurur, bazar iştirakçılarını ölkəyə cəlb etmək və bütün maraqlı MICE bazarı iştirakçıları ilə əməkdaşlıq etmək üçün beynəlxalq konqres və seminarlarda iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB