Rusiyalı qonaqlar Milli Kitabxanada olublar

Rusiyalı qonaqlar Milli Kitabxanada olublar

Rusiya Federasiyasının Mətbuat və kütləvi əlaqələr üzrə federal agentliyin rəhbəri, kitab mədəniyyəti üzrə tədqiqatçı və bibliofil Mixail Vadimoviç Seslavinskiy, Moskva şəhər Jurnalistlər İttifaqının sədri, "Moskovskiy komsomoles" qəzetinin baş redaktoru Pavel Nikolayeviç Qusev və "Kommersant" Nəşriyyat evinin Strateji məsələlər üzrə direktoru Viktor Qriqoryeviç Loşak Azərbaycan Milli Kitabxanasında olublar. SİA-nın verdiyi məlumata görə, görüşün əsas məqsədi Milli Kitabxananın Nadir kitablar fondunda mühafizə olunan qiymətli kitablarla və unikal kolleksiyalarla tanışlıqdan ibarət olub.

Qonaqları əvvəlcə Milli Kitabxananın direktoru prof. Kərim Tahirovla görüşərək söhbət ediblər. K.Tahirov qonaqlara kitabxananın tarixi, orada mühafizə olunan nadir kolleksiyalar və onların mühafizə vəziyyəti haqqında ətraflı məlumat verib. Kitabxananın ayrı-ayrı şöbələri ilə əyani tanış olan qonaqları Milli Kitabxanada təşkil olunan sərgilər və Nadir kitablar və kitabxana muzeyi xüsusilə maraqlandırıb. 15 il əvvəl bu fondun zirzəmidə kiçik bir otaqda yerləşdiyini görən qonaqlar hazırda həmin qiymətli kolleksiyaların 2 mərtəbədə çox gözəl şəraiti olan işıqlı otaqlarda yüksək zövqlə hazırlanmış rəflərdə mühafizə olunmasından çox məmnun olduqlarını söyləyiblər. XIX əsrdə və XX əsrin əvvəllərində çap olunmuş bir sıra nadir kitablarda müəlliflərin avtoqraflarının olması qonaqları xüsusilə heyrətləndirib. Bu kitabların titul vərəqlərindəki avtoqrafların Moskvada nəşr olunan "Pro kniqi" və "Bibliofil" jurnallarında çap olunacağını bildiriblər.

Sonra qınaqlara ilk Azərbaycan çap kitabı, habelə kitabxanada saxlanılan XVI ərə aid ən qədim çap kitabı, habelə miniatür kitab kolleksiyası da nümayiş olunub. Kitab mədəniyyəti üzrə tədqiqatçı və bibliofil Mixail Vadimoviç Seslavinskini onun yenicə çapdan çıxmış kitabının artıq kitabxananın "Yeni kitablar" sərgisində nümayiş olunması xüsusilə heyrətləndirmişdir. Sonda qonaqlar Muzeyin Xatirə kitabına öz ürək sözlərini yazıblar.

Görüşün sonunda Milli Kitabxananın direktoru Kərim Tahirov qonaqlara "Azərbaycan Milli Kitabxanası. Fotoalbom", "Old Baku", "Azərbaycan keçmiş əsrlərdə və bu gün. Xəritə.", "Teppishe culture erbe" kitablarını, "Milli mənəviyyat xəzinəmiz.", "Klassika", "Cazz" disklərini hədiyyə edib.

Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin Protokol şöbəsinin müdiri Cəlil Məlikov və Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova iştirak ediblər.

Görüş zamanı qonaqları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə