Nuriyyə Əhmədovadan xəbər var

Azərbaycanın xalq artisti Nuriyyə Əhmədovanın səhhəti yenidən pisləşib. Bu haqda SİA-ya aktrisanın bacısı Sevil xanım məlumat verib.

O bildirib ki, Nuriyyə Əhmədova hazırda reanimasiya şöbəsindədir: "Dünən bacımın səhhəti kəskin pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Həkimlər ona qan dövranının kəskin pozulması diaqnozu qoyublar. Bu gün müayinədən keçib, qan analizi verməlidir. Hələlik həkim Nuriyyə xanımın yanına heç kimi buraxmır. Ancaq buna baxmayaraq danışa və hərəkət edə bilir. Bacımın vəziyyəti səhiyyə naziri Oqtay Şirəliyevin nəzarəti altındadır. Nazir Nuriyyə Əhmədova ilə bağlı xəstəxana rəhbərliyinə tapşırıq verib. Onu da deyim ki, xəstəxanadan nə zaman evə buraxılacağı hələlik məlum deyil. Əvvəlcədən Nuriyyə xanıma sağlıq durumuna diqqət etməsi barədə xəbərdarlıq edilmişdi. Ancaq müəyyən problemlərlə bağlı özünə yaxşı baxa bilmir. Bir az bundan əvvəl həkimləri ilə danışmışam. Şükürlər olsun ki, vəziyyəti o qədər də pis deyil. Sevinirəm ki, onu yaddan çıxarmırsınız. Çünki o Azərbaycan xalqına, mədəniyyətinə lazımlı sənətkardır".

Qeyd edək ki, xalq artisti Nuriyyə Əhmədova 1950-ci ildə Bakıda anadan olub.

Bütün xəbərlər Facebook səhifəmizdə